Avropa İttifaqı (Aİ) Gürcüstanda “xarici agentlər” haqqında qəbul olunan qanun layihəsi səbəbindən hər iki tərəfdən yüksək vəzifəli şəxslərin səfərlərinə qadağa qoyulmasını nəzərdən keçirəcək.
“Euractiv” portalının xəbərinə görə, qurum bununla bağlı xüsusi təkliflərin yer aldığı sənədi ictimailəşdirib.
Sənəddə bildirilir ki, yüksək səviyyəli rəsmilərin səfərlərinin ləğvi ilə yanaşı, qurum müxtəlif platformalarda ikitərəfli görüş, müzakirə, eləcə də assosiativ saziş çərçivəsində nəzərdə tutulan birgə tədbirlərin keçirilməsini, hökumətin təqdim etdiyi layihələrin maliyyələşdirilməsini, habelə imzalanması gözlənilən sənədlər üzrə hüquqi prosedurları dayandırmağı da planlaşdırır.
Eyni zamanda, Gürcüstanın bir sıra rəsmi şəxslərinə qarşı məhdudiyyətlərin tətbiqinin də gündəmdə olduğu bildirilir.
Qeyd edək ki, yuxarıda bəhs olunan tədbirlər quruma üzv ölkələrin xarici işlər nazirlərinin iyunun 24-də keçiriləcək görüşü zamanı müzakirəyə çıxarılacaq.