
İranın keçmiş Ali rəhbəri Ayətullah Əli Xameneinin üç oğlu - Mustafa, Meysəm və Məsud Tehran şəhərində sabiq liderin cənazəsi qarşısında ataları ilə vidalaşıblar.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bununla belə, hazırkı Ali Lider, oğlu Müctəba Xamenei matəm mərasimində görünməyib.
Mərasim Tehranın şərqində yerləşən Müsəlla dini kompleksinin ərazisində baş tutub. Orada Əli Xameneinin və ailəsinin digər dörd üzvünün - qızı, kürəkəni, gəlini və 14 aylıq nəvəsinin cənazələri yerləşdirilib.
Cənazələrin qarşısında İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Baqir Qalibaf da dua oxuyublar.
Yerli medianın yazdığına görə, Xameneinin oğulları müharibənin başlanmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıblar. 
Xatırladaq ki, İranda Əli Xamenei ilə vidalaşma mərasimi iyulun 3-də başlayıb. Matəm tədbirləri Tehran, Qum, Nəcəf və Məşhəd şəhərlərində keçirilir və bu mərasimlərdə 15 milyondan 20 milyona qədər insanın iştirakı gözlənilir ki, bu da İran əhalisinin təxminən beşdəbirini təşkil edir.
Yeri gəlmişkən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Buna görə də sabiq rəhbərin cənazəsi iyulun 8-də İraqa aparılacaq. İyulun 9-da isə Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq Məşhəd şəhərində torpağa tapşırılacaq.
Onu da xatırladaq ki, 86 yaşlı Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana aviazərbələri nəticəsində həlak olub.