
Rusiya parlament seçkilərindən sonra formalaşacaq Ermənistanın yeni hökuməti ilə münasibətləri inkişaf etdirəcəyinə ümid edir.
Senzor.az bildirir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Yekaterinburqda “İnnoprom” beynəlxalq sənaye sərgisi çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş zamanı deyib.
Mişustin Moskvanın rusiyalı investorların hüquqlarına və qanuni maraqlarına riayət edilməsini, eləcə də ikitərəfli münasibətlərin davamlı inkişafını gözlədiyini vurğulayıb.
Öz növbəsində, Paşinyan ikitərəfli gündəlikdəki mövcud problemli məsələlərin həllinə ümid etdiyini bildirib.
“Son zamanlar bəzi problemli məsələlər ortaya çıxıb. Əlbəttə, ümid edirəm ki, bu məsələləri müzakirə edərək həll yollarını tapacağıq. Bütün məsələləri və nüansları müzakirə etmək və aydınlaşdırmaq üçün konstruktiv yanaşmaya sadiqik və ümid edirəm ki, bugünkü danışıqlar nəticəsində konkret məsələləri həll edə biləcəyik”, - deyə o vurğulayıb.
N.Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakda və Aİİ haqqında müqavilədə nəzərdə tutulmuş mexanizmlərin planlı rejimdə işləməsində maraqlıdır.