
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Senzor.az Qazaxıstan mediasına istinadən bildirir ki, Tokayev Trampı ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib və deyib ki, ölkə nisbətən qısa tarixi dövr ərzində dünyanın aparıcı dövlətlərindən birinə çevrilib.
"Qazaxıstan Prezidenti qeyd edib ki, ABŞ administrasiyasının daxili siyasət kursunun əsasını təşkil edən sağlam düşüncəyə əsaslanan siyasət mahiyyət etibarilə ölkədə "Qanun və Qayda" prinsipi əsasında Ədalətli Qazaxıstanın qurulmasına yönəlmiş strategiya ilə üst-üstə düşür. Buna görə də o, Donald Trampın siyasətini dəstəkləyir", - məlumatda bildirilib.
Söhbət zamanı tərəflər həmçinin iqtisadi əməkdaşlıq və siyasi qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tokayev ötən ilin noyabrında Vaşinqtona səfəri zamanı əldə olunmuş razılaşmaların icrasının yüksək dinamikasını qeyd edib.
Bundan əlavə, Tokayev Qazaxıstanın nüvə silahının və zənginləşdirilmiş uranın yayılmasının yolverilməzliyi ilə bağlı dəyişməz mövqeyini təsdiqləyib, həmçinin beynəlxalq nəzarət rejiminin gücləndirilməsi üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
Söhbətin sonunda Qazaxıstan Prezidenti Donald Trampı onun üçün münasib olan vaxtda ölkəyə səfər etməyə dəvət edib.