
Rusiya ordusu iyulun 11-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə intensiv hava zərbələri endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna Fövqəladə Hallar Xidməti hücum nəticəsində 11 nəfərin yaralandığını, onların arasında 11 yaşlı uşağın da olduğunu açıqlayıb.
Hücum zamanı Solomyanski rayonunda üçmərtəbəli ofis-anbar binasında, Dneprovski rayonunda isə anbar sahəsində yanğın baş verib.
Darnitski rayonunda raket yolun hərəkət hissəsinə düşüb, işıqforları idarə edən elektrik yarımstansiyası yanıb, yaxınlıqdakı yaşayış binalarının pəncərələri sınıb.
Yanğınlar söndürülüb, zədələnmiş ərazilərdə xilasetmə işləri davam etdirilir.
Rusiya Müdafiə Nazirliyi isə öz "Telegram" kanalında ötən gecə Kiyevdə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və saxlanması ilə məşğul olan hərbi-sənaye kompleksi obyektlərinə çoxsaylı zərbələr endirildiyi barədə məlumat yayıb.
Bundan əlavə, Odessa, Çernomorsk və Odessa vilayətinin İzmail şəhərində hərbi məqsədli yüklərin çatdırılması və saxlanması üçün istifadə edilən liman infrastruktur obyektləri də vurulub.
Məlumata görə, Kiyevdə yüksək yüktutumlu, uzaqmənzilli, ağır "E-300 Enterprise" və "D-80 Discovery" PUA-larının hazırlanması və istehsalı üzrə ixtisaslaşmış "Aerodron" müəssisəsi, 200 km-ə qədər uçuş məsafəsinə malik "Fire Point-2" PUA-sının yığılması və saxlanması ilə məşğul olan "Fanplit" özəl müəssisəsi də raket zərbələrinə məruz qalıb.
Rusiya Odessa vilayətində taxıl, konteyner və toplu yüklərin əhəmiyyətli hissəsini emal edən və Ukraynanın aqrar ixracatının 90%-ə qədərini təmin edən Çornomorsk limanını vurub ki, bu liman Ukrayna Silahlı Qüvvələri üçün hərbi yüklərin və yanacaq-sürtkü yağlarının daşınması üçün əsas mərkəzdir.
Həmçinin, Ukrayna kənd təsərrüfatı və dağ-metallurgiya məhsullarının ixracını həyata keçirən və Ukrayna Silahlı Qüvvələri üçün logistika mərkəz olan Yujnıy limanına zərbələr endirilib.
Dunay çayında Ukrayna Silahlı Qüvvələri üçün əsas alternativ logistika mərkəzi olan İzmail limanı da zərbələrin hədəfi olub.