
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin son iki oyunu keçirilib.
Senzor.az bildirir ki, əvvəlcə mundialın əsas favoritlərindən hesab olunan İngiltərə millisi 1/8 finalda Braziliyanı mübarizədən kənarlaşdıran Norveçlə qarşılaşıb. Mayamidəki “Hard Rok” stadionunda təşkil olunan qarşılaşma ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Hesabı 36-cı dəqiqədə Norveç millisinin hücumçusu Andreas Şelderup mükəmməl qolla açıb. İlk hissəsinin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Cud Bellingem tarazlığı bərpa edib. Əlavə vaxtda (93-cü dəqiqə) daha bir qol vuran Bellingem İngiltərə yığmasını yarımfinala yüksəldib.
**
Günün ikinci – ¼ finalın son oyunu isə Argentina və İsveçrə yığmaları arasında keçirilib. “Kanzas Siti” stadionunda reallaşan bu qarşılaşmada da əsas vaxt 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.
Argentinalıların heyətində Aleksis Makallister (10), Xulian Alvares (112) və Lautaro Martines (120+1) fərqləniblər. İsveçrənin tək qolu isə Dan Ndoyedən (67) gəlib.
Beləliklə, Argentina seçməsi iyulun 15-də keçiriləcək yarımfinal matçında İngiltərə yığması ilə qarşılaşacaq.