
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığında Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarına son qoyulmasını tələb edib.
Bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.
"Tramp dəfələrlə Zelenskidən Rusiya neft emalı zavodlarına hücumları dayandırmasını istəyib. Bu hücumların dizel yanacağı qiymətinin qlobal artımına səbəb olacağı vurğulanıb. Telefon danışığı zamanı "dizel" sözü dəfələrlə təkrarlanıb", - deyə bildirilib.
Ağ Ev hələ ki, bu informasiyanı şərh etməyib.
Senzor.az xatırladır ki, Tramp və Zelenski gələn həftə BMT Baş Assambleyasının payız sessiyasının başlayacağı Nyu-Yorkda görüşəcəklər. Bunu Ukrayna lideri Vladimir Zelenski amerikalı həmkarı ilə telefon danışığından sonra “Teleqram”da yazıb.
"Mən indicə Prezident Trampla danışdım. Bu, vacib bir söhbət idi və biz çox mövzunu əhatə etdik. Biz Nyu-Yorkda görüşə razılaşdıq və bu görüş çox şeyi dəyişə bilər. Diplomatik dinamika aydındır", - deyə Ukrayna lideri vurğulayıb.