
"Biz "müharibə, yoxsa danışıqlar" dilemmasının real olmadığına inanırıq. Həm döyüşmək, həm də danışıqlar aparmaq lazımdır. Məntiqli və qüdrətlə döyüşməli, lazımi anda isə diplomatiya vasitəsilə meydanda əldə olunmuş üstünlükləri təsbit etməliyik. Yalnız düşmənə zərbə vurub geri çəkilməyə məcbur etdikdən və güc komponentlərimizi möhkəmləndirdikdən sonra çəkindiricilik səviyyəsinə çata bilərik".
“Teleqraf” xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
O, İranın diplomatiya sahəsində mövqeyinin tamamilə aydın, rasionallığa əsaslanan və müzakirəyə qapalı olduğunu bildirib: "Şərtlərimiz və mesajlarımız vasitəçilər vasitəsilə qarşı tərəfə aydın şəkildə çatdırılıb. Düşmən yaxşı bilir ki, fırıldaqçılıq və birtərəfli şərtləri qəbul etdirmək yolu bağlıdır. Bu şərtlər yerinə yetirilməyənə, İran xalqının haqlı hüquqları tanınmayana və ABŞ öhdəliklərini icra etməyənə qədər əvvəlki danışıqlar şəraitinə qayıtmaq və Hörmüz boğazının açılması üçün heç bir imkan olmayacaq".
Qalibaf regional nizamın köklü şəkildə dəyişdiyini vurğulayaraq əlavə edib: "Bu gün Yaxın Şərqdə köhnə Amerika nizamı süqut edib və yeni nizamı regionun İslam ölkələri bərqərar etməlidir. Gələcək yol yalvarmaqla deyil, rasionallıq, cəsarət və mübarizə ilə müəyyən olunacaq".