Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 11-nə təyin edilib.
**09:31
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi icraata verilib.
Senzor.az bildirir ki, işə Bakı Hərbi Məhkəməsinin hakimi Aslan Kalbalıyevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.
Qeyd edək ki, Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.