Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyətlə əlaqədar fövqəladə iclası keçirilib.
Senzor.az bildirir ki, iclasda BMT Baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Ermənistanın BMT yanında Daimi Nümayəndəsi Mqer Marqaryan, həmçinin bir sıra ölkələrin, o cümlədən Çin, Hindistan, İrlandiya, Meksika, Qana, Braziliya, BƏƏ, Albaniya, Böyük Britaniya, ABŞ, Fransa, Rusiya və sair dövlətlərin nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən ölkələrin nümayəndələri Ermənistan-Azərbaycan sərhədində artan gərginlikdən və hər iki tərəfdən itkilər barədə məlumatlardan ciddi narahat olduqlarını bildiriblər. Bundan başqa, sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib. İrəvan və Bakı gərginliyi azaltmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırılıb.
İclasda çıxış edən ölkələrin nümayəndələri qeyd ediblər ki, beynəlxalq ictimaiyyət bu cür hadisələrin təkrarlanmaması üçün səy göstərməlidir.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda ermənilərin Qarabağ ərazisini minalamalarından danışıb. O qeyd edib ki, üçtərəfli bəyanatın bütün hərbi fəaliyyətlərin dayandırılmasını nəzərdə tutan müddəalarına, həmçinin digər beynəlxaq öhdəliklərinin ziddinə olaraq Ermənistan Azərbaycan ərazisində minaların basdırılmasına geniş miqyasda davam edib: “2022-ci il avqustun 15-dən bəri təkcə Laçın rayonunda 1300-dən çox piyada əleyhinə mina tapılıb. Müəyyən olunub ki, bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və Azərbaycan ərazisində 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanantın imzalanmasından sonra basdırılıb”.
Yaşar Əliyev vurğulayıb ki, Azərbaycan ərazisində yüz minlərlə mina basdıran Ermənistan bu barədə dəqiq və tutarlı məlumat paylaşmır. Bunun nəticəsində isə 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb.