Havanın şaxtalı olmasına baxmayaraq, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc etiraz aksiyası bu gecə saatlarında da coşqu ilə davam edir.
Senzor.az bildirir ki, hazırda ekofəallar və könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində tonqal qalayaraq hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edir, bir neçə dildə şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Yeri gəlmişkən, bu gün ərzində Laçın-Xankəndi yolunda hər iki istiqamətdə Rusiya sülhməramlılarına məxsus daha 55 avtomobil maneəsiz hərəkət edib.
Bu bir daha göstərir ki, etirazçıların guya Laçın- Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yazılan və oradan da bütün dünyaya yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolundakı etiraz aksiyası 43 gündür davam edir.
**09:26
Havanın şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda keçən il dekabrın 12-də səhər saatlarından başlayan etiraz aksiyası ötən gecə boyu da davam edib.
Senzor.az bildirir ki, təhlükəsizlik qaydalarına ciddi əməl olunan toplanış yerində bu dəfə də heç bir insident baş verməyib. Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək də davamlı şəkildə isti yer, çay və qidalarla təmin olunublar.
Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Ekofəallar hazırda yolun hər iki tərəfində, hərəkətə mane olmadan üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Aksiya iştirakçılarının şüarları da dəyişməz olaraq qalır: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yeri gəlmişkən, dünən gün ərzində Laçın-Xankəndi yolunda hər iki istiqamətdə Rusiya sülhməramlılarına məxsus daha 48 avtomobil maneəsiz hərəkət edib.
Bu bir daha göstərir ki, etirazçıların guya Laçın- Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yazılan və oradan da bütün dünyaya yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 43-cü gündür ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Azərbaycan Prezidenti İlham Əliyevin 13 gün əvvəl yerli televiziya kanallarına müsahibəsində aksiya barədə dedikləri iştirakçıların əhval-ruhiyyəsini daha da yüksəldib.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə bundan sonra da şərait yaradılmayıb.