Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Bilaval Bhutto Zərdari və tacikistanlı həmkarı Sirociddin Muhriddinlə görüşüb.
Bu barədə Azərbaycan XİN başçısı "Twitter" hesabında bildirib.
Görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub.
"Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli münasibətlərin və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məhsuldar söhbətimiz oldu", - Ceyhun Bayramov bildirib.
O, Bilaval Bhutto Zərdari ilə isə strateji münasibətlərin dərinləşməsini müzakirə etdiyini qeyd edib.
**13:09
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında Daşkənd Kommünikesi qəbul olunub, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi dəstəklənib, Azərbaycanın Zəngəzur dəhlizi üzrə gördüyü işlər alqışlanıb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
İclasda həmçinin təşkilatın fəaliyyətinə dair bir sıra sənədlər qəbul edilib. Qeyd olunub ki, Nazirlər Şurasının iclasının yekun sənədi kimi qəbul edilmiş Daşkənd Kommünikesində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış Üçtərəfli bəyanatlara uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanıb.
Kommünike çərçivəsində həmçinin Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması və hörmət əsasında tənzimlənməsinə dəstək ifadə edilib. Bunun bölgədə mehriban qonşuluq əlaqələri yaradılmasına, davamlı sülh və iqtisadi tərəqqiyə töhfə verəcəyinə inam ifadə olunub.
**12:00
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana təhvil verilib.
Senzor.az xəbər verir ki, bununla bağlı təşkilata üzv ölkələrin XİN rəhbərlərinin Daşkənddə keçirilən bugünkü iclasında qərar qəbul olunub.
Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclası keçirilir. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.
**10:12
Yanvarın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfərə yola düşüb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.