Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.
Senzor.az bildirir ki, bu barədə XİN-dən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.
C.Bayramov görüş zamanı, İqtisadi Əməkdaşlıq Təşkilatında ölkəmizin 2023-cü il sədrliyi çərçivəsində prioritetlər və planlar barədə Prezident Şavkat Mirziyoyevə məlumat verib, Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə Özbəkistan dövlət başçısına minnətdarlığını bildirib.
Görüş zamanı, həmçinin gündəlikdə duran ikitərəfli məsələlər və regional vəziyyət müzakirə edilib.
Daha sonra xarici işlər naziri C.Bayramov Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov ilə görüşüb. Tərəflər arasında, ikitərəfli əlaqələrin aktual məsələləri müzakirə olunub.
**17:26
Daşkənddə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Senzor.az bildirir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
Görüşdə avtomobil, toxuculuq və ipək sənayesində layihələrin həyata keçirilməsi, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Qeyd edək ki, C.Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edir.