Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Senzor.az xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
**12:19
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilir.
Senzor.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digərləri iştirak edir.
Qeyd edək ki, şəhidin nəşi ötən gecə İrandan Azərbaycana gətirilib.
**11:48
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi başa çatıb.
Senzor.az xəbər verir ki, şəhidin cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılır.
**11:25
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib.
Xəbərə görə, hazırda şəhidin evində onunla vida mərasimi keçirilir. Xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva vida mərasimində iştirak edir.
Orxan Əsgərovun evinin qarşısında fəxri qarovul düzülüb.
Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılacaq.
Qeyd edək ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.
**10:44
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilir.
REAL xəbər verir ki, şəhidin cənazəsi Yeni Yasamalda vaxtilə yaşadığı evə gətirilib.
Vida mərasimində dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və O.Əsgərovun ailə üzvlər iştirak edirlər.
Mərasimdən sonra şəhidin nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılacaq.