Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İran İslam Respublikasının insan hüquqları qurumu olan Ümumi Təftiş Təşkilatının rəhbəri Zabihullah Khodayana rəsmi məktub ünvanlayıb.
Bu barədə Senzor.az-a Ombudsman Aparatından məlumat verilib.
Məktubda Ombudsman Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə 27 yanvar 2023-cü il tarixdə edilmiş terror aktını qətiyyətlə pisləyib və 1961-ci il Diplomatiq əlaqələrə dair Vyana və 1973-cü il "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən, diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasını diqqətə çatdırıb.
Azərbaycan Ombudsmanı İranın sözügedən insan hüquqları təşkilatını bu cür xain hücumu təşkil edən və törədilməsində iştirak edən şəxslərin tez bir zamanda ədalət mühakiməsinə təhvil verilməsi üçün səlahiyyətləri çərçivəsində lazımi və təxirəsalınmaz tədbirlərin görülməsinə dəvət edib.