Havanın şaxtalı olmasına baxmayaraq, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc etiraz aksiyası bu gecə saatlarında da coşqu ilə davam edir.
Senzor.az bildirir ki, hazırda ekofəallar və könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən bir neçə dildə şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa, ekoloji terrora son qoyulmasına dəstək verməyə çağırırlar.
Yeri gəlmişkən, fevralın 1-də Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri Laçın yolunda ekofəalların dinc aksiyasına qoşulublar. İcma sədrinin birinci müavini Anastasiya Lavrina bildirib ki, aksiyanın ilk günündən Azərbaycanın Rus İcması Laçın yolunda azərbaycanlı ekofəalların hərəkətlərini və bu regionda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı qanuni tələblərini dəstəkləyir: “Bu gün biz bu aksiyaya yataqların talanmasının, qarət edilənlərin sonradan Ermənistana göndərilməsinin dayandırılması tələbi ilə şəxsən qoşulduq...
Biz bu aksiyada iştirak etməklə, Laçın yolundan qeyri-qanuni istifadəyə yol verməyəcəyik. Müharibədən sonra, Azərbaycanın sülh barədə danışdığı dövrdə Ermənistan qanunsuz şəkildə Qarabağa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi əraziyə mina və silah-sursat daşımaqda davam edirdi. Nəticədə minalar Azərbaycanın işğaldan azad olunan ərazilərində də diversantlar tərəfindən basdırılırdı. Bu, yeni qurbanlara səbəb olurdu. Buna bir daha yol verilməyəcək!”.
Qeyd edək ki, Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri ekofəallarla birlikdə hazırda da Laçın-Xankəndi yolundadırlar. Onlar da ekoloji terrorun dayandırılması ilə bağlı şüarlar səsləndirirlər.
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolundakı etiraz aksiyası 52 gündür davam edir.
**09:58(01.02.2023)
Havanın şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda keçən il dekabrın 12-də səhər saatlarından başlayan etiraz aksiyası ötən gecə boyu da davam edib.
Senzor.az bildirir ki, təhlükəsizlik qaydalarına ciddi əməl olunan toplanış yerində bu dəfə də heç bir insident baş verməyib.
Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Ekofəallar hazırda yolun hər iki tərəfində, hərəkətə mane olmadan üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Aksiya iştirakçılarının şüarları da dəyişməz olaraq qalır: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yeri gəlmişkən, dünən gün ərzində Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus daha 64 təminat və minik avtomobili maneəsiz keçib.
Bundan əlavə, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 8 avtomobil səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə həmin nəqliyyat vasitələri geri dönüb.
Bunlar bir daha göstərir ki, etirazçıların guya Laçın- Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yazılan və oradan da bütün dünyaya yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 52-ci gündür ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Azərbaycan Prezidenti İlham Əliyevin 22 gün əvvəl (yanvarın 10-da) yerli televiziya kanallarına müsahibəsində aksiya barədə dedikləri iştirakçıların əhval-ruhiyyəsini daha da yüksəldib .
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə bundan sonra da şərait yaradılmayıb.
Senzor.az