Ekoaksiyanın keçirildiyi Laçın-Xankəndi yolunda bu gün tezdən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus daha 7 avtomobilin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Senzor.az bildirir ki, 6 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.
Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.
Bu bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur və etirazçıların guya Laçın- Xankəndi yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yazılan və oradan da bütün dünyaya yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 53-cü gündür ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində aksiya barədə dedikləri iştirakçıların əhval-ruhiyyəsini daha da yüksəldib .
Yeri gəlmişkən, fevralın 1-də Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri də Laçın yolunda ekofəalların dinc aksiyasına qoşulublar. Hazırda ekofəallarla birlikdə onlar da ekoloji terrorun dayandırılması ilə bağlı şüarlar səsləndirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə bundan sonra da şərait yaradılmayıb.
Senzor.az