Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələnin baş verdiyi Kahramanmaraşa yollanıb.
APA xəbər verir ki, azərbaycanlı xilasedicilər hazırda xüsusi avtobuslarla Adanada Şakir Paşa Hava Limanından zəlzələnin nəticələrinin aradan qaldırmaq üçün Kahramanmaraşa gedir.
Azərbaycan FHN-in çevik xilasetmə qüvvələrinin ikinci qrupunun da yaxın saatlarda Adana Şakirpaşa Hava Limanına gələcəyi bildirilir.
**13:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
APA xəbər verir ki, xilasetmə qüvvələrini daşıyan iki təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş edib.
İlkin olaraq qardaş ölkəyə 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri yola düşüb.
**10:12
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti Türkiyəyə göndərilir.
Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə nazirliyin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən, Türkiyənin 7 şəhərində zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər isə yaralanıb.