Havanın şaxtalı olmasına baxmayaraq, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən başlayan dinc etiraz aksiyası bu gecə saatlarında da davam edir.
Senzor.az bildirir ki, ekofəallar və könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində dayanaraq bir neçə dildə şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa, ekoloji terrora son qoyulmasına dəstək verməyə çağırırlar.
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.
Yeri gəlmişkən, bu gün bu dəqiqələrə qədər Rusiya sülhməramlılarına məxsus 68 təminat-təchizat və minik avtomobilinin ərazidən maneəsiz keçidi qeydə alınıb.
Bu bir daha göstərir ki, etirazçıların guya Laçın- Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yazılan və oradan da bütün dünyaya yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolundakı etiraz aksiyası 58 gündür davam edir.
Belə ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə bundan sonra da şərait yaradılmayıb.
Senzor.az