Zəlzələdən əziyyət çəkən Türkiyə vətəndaşlarına dəstək məqsədilə bu gün axşam saatlarında Naxçıvan Muxtar Respublikasının sakinləri və Əlahiddə Ümumqoşun Ordu tərəfindən təşkil edilən humanitar yardımdan ibarət 12 TIR Türkiyəyə yola salınıb.
Senzor.az bildirir ki, daha bir neçə humanitar yardımdan ibarət TIR avtomobillərinin yola salınması istiqamətində hazırlıq işləri görülür.
Muxtar Respublika Baş nazirinin birinci müavini Elşad Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, 12 iritutumlu avtomobillərdəki yardımlar əsasən çox ehtiyac duyulan avadanlıqlardır. Buraya 525 çadır, 423 yataq dəsti, 5000-dən artıq əldə toxunan yun corab, minlərlə ayaqqabı, isti yataq dəstləri, yorğan-döşək dəsti daxildir.
TIR-ların yola salınmasında Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev də iştirak ediblər.