Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən başlayan dinc etiraz aksiyası bu gecə saatlarında da davam edir.
Senzor.az bildirir ki, ekofəallar və könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində dayanaraq bir neçə dildə şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa, ekoloji terrora son qoyulmasına dəstək verməyə çağırırlar.
Aksiya iştirakçılarının şüarları dəyişməz olaraq qalır: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.
Yeri gəlmişkən, bu gün bu dəqiqələrə qədər Rusiya sülhməramlılarına məxsus onlarla təminat-təchizat və minik avtomobilinin ərazidən maneəsiz keçidi qeydə alınıb.
Bu bir daha göstərir ki, etirazçıların guya Laçın- Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yazılan və oradan da bütün dünyaya yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolundakı etiraz aksiyası 60 gündür davam edir.
**10:12
Şuşada havanın qarlı və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda keçən il dekabrın 12-də səhər saatlarından başlayan etiraz aksiyası ötən gecə boyu da davam edib.
Senzor.az bildirir ki, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Təhlükəsizlik qaydalarına ciddi əməl olunan toplanış yerində bu dəfə də heç bir insident baş verməyib.
Ekofəallar hazırda yolun hər iki tərəfində dayanaraq üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Aksiya iştirakçılarının şüarları dəyişməz olaraq qalır: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yeri gəlmişkən, dünən gün ərzində Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 65 təminat-təchizat, mətbuat və minik avtomobili maneəsiz keçib. Bundan əlavə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 4 minik avtomobili səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib, günorta saatlarında isə geri dönüb.
Bir az əvvəl isə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus daha 4 minik avtomobilinin ərazidən sərbəst keçidi təmin olunub.
Bunlar bir daha göstərir ki, etirazçıların guya Laçın- Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yazılan və oradan da bütün dünyaya yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 60-cı gündür ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə bundan sonra da şərait yaradılmayıb.
Senzor.az