Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Küveyt dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah ilə görüşüb, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Senzor.az xəbər verir ki, iki ölkə arasında münasibətlərin tarixən dostluq prinsipləri əsasında qurulduğunu vurğulayan nazir Ceyhun Bayramov, ölkəmizin mövcud əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu bildirib.
İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvilərdə münasibətlərin uğurla inkişaf etdiyini bildirən nazir beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmindən bəhs edib.
Nazirlər həmsədrləri olduqları “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiya” üzrə gələcək planlar və Bakıda mart ayında keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü barədə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
**17:40
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb. Qətərin XİN başçısı ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.
Bu barədə Senzor.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Görüş zamanı ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunaraq, ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycan ilə Qətər arasında beynəlxalq təşkilatlar və platformalar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib.
Eyni zamanda, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərə toxunulub. Tərəflər iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər barədə fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov münaqişə sonrası bölgədəki vəziyyət, Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırılıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
**16:00
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində ölkəmizin Qoşulmama Hərəkatının (QH) sədrliyi qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirak edib. C.Bayramov ərəb ölkələrindən olan həmkarlarını Hərəkatın Bakıda keçiriləcək COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə ən yüksək səviyyədə iştiraka dəvət edib.
Xarici İşlər Nazirliyindən Senzor.az-a verilən məlumata görə, konfransda çıxış edən nazir Ceyhun Bayramov, Fələstin məsələsinin beynəlxalq hüquq normalarına, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnamə və müvafiq qətnamələrinə uyğun olaraq öz həllini tapmasının vacib olduğunu bildirilib. Bu xüsusda, məsələnin həlli istiqamətində beynəlxalq konsensusun əldə olunması üçün birgə diplomatik səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Ceyhun Bayramov Azərbaycanın Fələstin-İsrail münaqişəsinin iki dövlət modeli əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. 3 din üçün müqəddəs yerlərin yerləşdiyi Qüdsün qorunmasının gələcəkdə burada əhalinin sülh şəraitində birgə yaşayışına töhfə verəcəyinə dair inam ifadə olunub.
Fələstin məsələsində Azərbaycanın İslam həmrəyliyinə sadiqliyinin nümunəsi kimi Fələstin Dövlətinə yardım məqsədilə bir çox beynəlxalq konfransa ev sahibliyi, həmçinin davamlı olaraq, xüsusilə COVID-19 pandemiyası ilə mübarizədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə dəstəyi xatırlanıb.
C.Bayramov, həmçinin Konfrans iştirakçılarını post-pandemiya dövründə qlobal bərpa mövzusunun müzakirəsi üçün mühüm fürsət kimi növbəti ay Bakıda keçiriləcək QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə ən yüksək səviyyədə iştiraka dəvət edib.
Daha sonra, konfrans iştirakçıları tərəfindən gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparılıb.
**15:40
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şükri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Senzor.az-a verilən məlumata görə, görüş zamanı, tərəflər cari ilin yanvar ayında Misir Ərəb Respublikasının Prezidentinin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, bu kimi yüksək səviyyəli qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd ediblər.
Görüşdə Azərbaycanla Misirin tarixi dostluq əlaqələrinin inkişafına və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə önəm verildiyi diqqətə çatdırılıb.
Ölkələrimiz arasında BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq müstəvilərdə mövcud əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı dəstəyin vacibliyindən bəhs olunub. Bu xüsusda, mart ayında Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün əhəmiyyəti nazir Ceyhun Bayramov tərəfindən bildirilib.
Görüşdə Ceyhun Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqaməyində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini qeyd edib.
Tərəflər, həmçinin ticari-iqtisadi, mədəni, humanitar və digər sahələr üzrə əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir müzakirəsi aparıblar.
**09:40
Fevralın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə yola düşüb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Tvitter”də məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi və Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirakı nəzərdə tutulur.
12 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə yola düşüb.
— MFA Azerbaijan (@AzerbaijanMFA)