“The Guardian” İranın Rusiyaya pilotsuz uçuş aparatlarını (PUA) necə çatdırdığını öyrənib.
Senzor.az-ın məlumatına görə, mənbələr nəşrə bildiriblər ki, Tehran yeni tipli uzaq mənzilli PUA-ların daşınması üçün qaçaqmal qayıqlardan və dövlətə məxsus aviaşirkətdən istifadə edib.
Mənbələrin bildirdiyinə görə, Rusiyaya göndərilən pilotsuz təyyarələrin əksəriyyəti İran gəmisi tərəfindən Xəzər sahilindəki bazadan qaçaqmalçılıq yolu ilə gətirilib. Daha sonra pilotsuz təyyarələr dənizdə Rusiya hərbi katerinə təhvil verilib.
Nəşr qeyd edir ki, İran və Rusiyanın Xəzər dənizinə çıxışları var və bu, onların arasında fiziki transferləri nisbətən asanlaşdırır.
“The Guardian” onu da xatırladır ki, noyabr ayında rus zabit və texniki işçiləri Tehrana xüsusi səfər etdikdən sonra Rusiya Hərbi Dəniz Qüvvələrinə 18 pilotsuz uçan aparat partiyası təhvil verilib və onlara İran texnologiyalarının bütün spektri nümayiş etdirilib.
Partiyada hər qanadının altında iki raket olmaqla 200 km məsafəyə qədər uçmaq qabiliyyətinə malik “Mohajer-6”, həmçinin 12 ədəd “Shahed 191” və “Shahed 129” PUA-ları olub.
Qeyd olunub ki, bu PAU-lar da gələcəkdə Ukraynadakı müharibədə Rusiya tərəfindən istifadə ediləcək.
İran həmçinin pilotsuz təyyarələrin işə salınmasına kömək etmək üçün Moskvaya ümumilikdə 54 texniki işçi (hər PUA-ya 3 nəfər olmaqla) göndərib. Onlar aparatların Rusiya ordusuna inteqrasiyasına kömək ediblər.
Onu da qeyd edək ki, həmin PUA-lar İsfahan şəhərinin mərkəzində yerləşən və yanvarın 28-də İsrail dronları tərəfindən atəşə tutulan hərbi zavodda istehsal edilib.
Senzor.az