Türkiyənin Malatya şəhərində baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-cüsünün də meyiti tapılıb.
Bu barədə “Report”un Ankara bürosuna Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır məlumat verib.
Millət vəkili deyib ki, meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduqları müəyyən edilib.
Millət vəkili deyib ki, tələbələrin yaşadığı bina böyük, dağıntılar çox olduğu üçün axtarış işləri uzun vaxt tələb edib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanları arasında Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi.
Onu da qeyd edək ki, tələbələrin valideynləri və yaxınları övladlarının axtarışı ilə bağlı Malatyaya getmişdilər və doğmaları haqqında ümidverici xəbərlər gözləyirdilər...
**22:14
Türkiyədə axtarış qrupunun üzvləri dağıntılar altında qalan 4 tələbədən birinin meyitini tapıblar.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun həlak olduğu məlum olub.
Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barədə məlumat almaq mümkün olmayıb.
Ümumilikdə Türkiyədəki zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfərə çatıb.