Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri fevralın 25-də başa çatıb.
Senzor.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.
**18:18
Fevralın 25-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Senzor.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Dövlət başçısı bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən sarsıtdığını bildirib.
Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduqlarını bildirən Prezident İlham Əliyev ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd edib. Dövlət başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan da qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğulayıb.
Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib və buna görə təşəkkür edib. Rəcəb Tayyib Ərdoğan azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirdiklərini, insanların xilası üçün fədakarlıqla çalışdıqlarını bildirib.
Söhbət əsnasında Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Dövlət başçıları, həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə də fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn ad günü münasibətilə təbrik edib.
Türkiyə Prezidenti təbrikə görə təşəkkürünü bildirib.
**17:07
Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Senzor.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
**15:45
Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb.
Senzor.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
**13:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gedib.
Senzor.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər rəsmi şəxslər qarşılayıblar.
**13:34
Prezident İlham Əliyev bu gün Türkiyəyə səfər edəcək.
Bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd edilib ki, Prezident İlham Əliyev səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.