Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib.
Bu barədə Senzor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-nin Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.
Görüşdə nazir Ceyhun Bayramov BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini qeyd edib. Daha sonra, Laçın yolundan BQXK daxil olmaqla avtomobillərin, yüklərin və vətəndaşların sərbəst hərəkəti istiqamətində səylərdən məmnunluq ifadə olunub. Etirazlara səbəb olan vəziyyətin aradan qaldırılmasının vacib olduğu bildirilib.
Nazir, həmçinin son aylar Laçın yolundan 3000-dən yuxarı nəqliyyat vasitələrinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsasının olmadığını qeyd edib. Eyni zamanda, hələ 2022-ci ilin dekabr ayında ehtiyac olacağı təqdirdə Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli erməni sakinlərə yardım göstərməyə hazır olduğunu bildirdiyi xatırlanıb.
Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.