Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı açıqlanıb.
Bu barədə i24 telekanalı məlumat yayıb.
Məlumata görə, səfirliyin rəsmi açılış mərasimi martın 29-da Təl-Əvivdə baş tutacaq və tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.
Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.