Türkiyə prezidentliyinə namizəd, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Rusiya-Türkiyə münasibətlərinin “daha da möhkəmlənəcəyini” bildirib.
Senzor.az-ın məlumatına görə, “Medya Günlüğü” portalına müsahibəsində Kılıçdaroğlu qeyd edib ki, Moskva sovet dövründən bəri Ankaraya çox kömək edib: “SSRİ bizə sənaye, qara və əlvan metallurgiya sahələrini inkişaf etdirməyə kömək etdi. İndi enerji ehtiyatlarının əhəmiyyətli hissəsi Rusiyadan gəlir. Hər il Türkiyəyə gələn xarici turistlər arasında birinci yeri ruslar tutur”.
Kılıçdaroğlu xatırladıb ki, Rusiya Türkiyə kənd təsərrüfatı məhsulları üçün mühüm satış bazarıdır. Qeyd edib ki, "qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri qorumaq və bir-birinin daxili işlərinə qarışmamaq"Rusiya və Türkiyənin marağındadır.
"Mən Türkiyə-Rusiya münasibətlərinə bu prizmadan baxıram, uzunmüddətli, sabit qarşılıqlı anlaşmaya və ardıcıl siyasətə epizodik olmayan bir baza kimi böyük əhəmiyyət verirəm", — deyə Türkiyə prezidentliyinə namizəd əlavə edib.
Kılıçdaroğlu "qarşılıqlı hörmət üzərində qurulan əlaqələri dəyişmək" üçün heç bir səbəb görmür. Onun fikrincə, Rusiya-Türkiyə münasibətləri “daha da möhkəmlənəcək”.
Rusiya Türkiyənin "vacib" qonşusu olmaqla yanaşı, "şərait tələb etdikdə" regionda əməkdaşlıqda respublikanın tərəfdaşıdır. Siyasətçinin sözlərinə görə, iki ölkə arasında “müəyyən fikir ayrılıqları ola bilər”, lakin onlar “regional sülh və sabitliyin təmin edilməsində birgə hərəkət edirlər”.
“Şübhəmiz yoxdur ki, ölkələrimiz arasında münasibətlər institusional əsasda rəvan inkişaf edəcək”, - deyə Kılıçdaroğlu vurğulayıb.
Senzor.az