Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında təkbətək keçirilən qapalı görüş başa çatıb.
Senzor.az Rusiya mətbuatına istinadən bildirir ki, görüş 4 saat yarım davam edib. Tərəflər arasında görüş daha geniş tərkibdə sabah davam edəcək.
**18:31
Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında Kremldə danışıqlar başlayıb.
Senzor.az bildirir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun daha əvvəl dediyi kimi, Putin və Si Cinpin arasında təkbətək söhbət olacaq və sonra görüş qeyri-rəsmi naharla davam edəcək.
Kreml nümayəndəsi qeyd edib ki, bu, çox mühüm görüş olacaq, iki dövlətin başçıları ən aktual məsələləri müzakirə edəcəklər.
Hələlik isə Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə görüşdə gələn il Rusiyada keçiriləcək prezident seçkilərindən danışıb.
O, 2024-cü ildə keçiriləcək prezident seçkilərində “Rusiya xalqının Putini yenidən dəstəkləyəcəyinə” əminliyini ifadə edib.
“Mən bilirəm ki, gələn il ölkənizdə daha bir prezident seçkiləri keçiriləcək. Sizin rəhbərliyiniz sayəsində son illərdə Rusiya ölkənin uğur və rifahına nail olmaqda mühüm irəliləyişlər əldə edib. Əminəm ki, rus xalqı sizin sizi güclü şəkildə dəstəkləyəcək”, - deyə Çin lideri bildirib.
Daha sonra TASS Kremlin sözçüsü Dmitri Peskova istinadən yazıb ki, Çin lideri Putinin 2024-cü il seçkilərində iştirak edəcəyindən yox, Rusiya xalqının Vladimir Putinə inamından danışıb.
Qeyd edək ki, Putin ilk dəfə 2000-ci ildə Rusiya prezidenti seçilib, 2004, 2012 və 2018-ci illərdə isə yenidən namizədliyini irəli sürüb və qalib gəlib.
Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Putin hələlik seçkilərdə iştirak edəcəyini rəsmi olaraq açıqlamayıb.
**13:59
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Qeyd olunub ki, bu gün S.Cinpin və V.Putin arasında qeyri-rəsmi görüş olacaq. Dövlət başçıları birgə narah edəcəklər.
Martın 21-də S.Cinpin və V.Putin arasında rəsmi görüş keçiriləcək.
Səfər çərçivəsində Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Liderlər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.
Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir.
Çin liderinin səfəri martın 22-də başa çatacaq.
Bu arada “The Australian” qəzetinində maraqlı məqalə dərc edilib. Məqalədə qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar dünyanı dəyişə bilər.
Qəzetin redaktorları hesab edirlər ki, liderlər Ukrayna məsələsində Rusiyanın maraqlarına əsaslanan sülh planını müzakirə edəcəklər ki, bu da beynəlxalq vəziyyətə “çevirici təsir” göstərə bilər.
Müəlliflər vurğulayırlar ki, Qərb ölkələrinin sakinləri bu danışıqları gözləyirlər, çünki onların bir çoxu hərbi əməliyyatların tezliklə başa çatmasında maraqlıdır.