Türkiyədə son zəlzələlər nəticəsində həlak olanların sayı 50 mini ötüb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer məlumat verib.
Y.Sezer təbii fəlakət nəticəsində həlak olanların sayının 50 min 96, yaralananların sayının isə 107 min 204 nəfər olduğunu bildirib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.