Şuşada havanın yağmurlu, dumanlı və soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda 100 gün əvvəl başlayan etiraz aksiyası bu gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir.
Senzor.az bildirir ki, bu gün Şuşada ekoaksiyanın iştirakçıları üçün Novruz bayramı ilə əlaqədar konsert proqramı təşkil olunub.
Bayramla əlaqədar aksiyanın iştirakçıları üçün bayram aşı da hazırlanıb. Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında açılan bayram çadırında milli yeməklər bişirilib, həmçinin səməni, xonça və digər atributlar düzülüb. Ekoaksiya iştirakçılarına bayram sovqatı da paylanılıb.
Laçın-Xankəndi yolunun yaxınlığında quraşdırılmış səhnədə əvvəlcə müğənnilər - Hiss, Nuri Serinlendirici & Jane Shirokih və Azərbaycanın Xalq artisti Röya Ayxan çıxış ediblər. Sonra isə bayram konserti “DJ Kənan Drums” tərəfindən səsləndirilən yerli və xarici musiqilərlə davam edib. Ərazidə olan ekoaksiyanın iştirakçıları və qonaqlar şən musiqi sədaları altında rəqs ediblər. Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürüb...
Həmin ab-hava indi də qalmaqdadır. Belə ki, ekofəallar və onlara dəstəyə gələn yeni könüllülər qrupu həmişə olduğu kimi bu saatlarda da coşqu ilə bir neçə dildə şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa, ekoloji terrora son qoyulmasına dəstək verməyə çağırırlar.
Aksiya iştirakçılarının şüarları dəyişməyib: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda, ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yeri gəlmişkən, martın 21-də Xankəndidən Laçına və əks istiqamətə Rusiya sülhməramlılarına məxsus 84 təminat -təchizat və minik avtomobili maneəsiz hərəkət edib. Bundan əlavə, BQXK-ya məxsus 5 yük və 5 minik avtomobili səhər saatlarında Laçın istiqamətinə gedib. Günorta saatlarında isə 1 yük və 5 minik avtomobili Xankəndiyə qayıdıb. Beləliklə, gün ərzində ərazidən 100 avtomobilin sərbəst hərəkəti təmin edilib.
Aksiyanın davam etdiyi 100 gün ərzində isə Laçın- Xankəndi yolundan Rusiya sülhməramlılarına və BQXK-ya məxsus 4700-dən artıq avtomobil maneəsiz keçib.
Bunlar bir daha göstərir ki, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Senzor.az