Xalq artisti Mehriban Zəki və aktrisa Dilarə Əliyeva Bakıda özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.
Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Belə ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyevaya müvafiq müayinələr təyin olunub, zəruri tibbi xidmətlər göstərilib.
Onların vəziyyətləri qiymətləndirildikdən sonra özlərinin və ailələrinin yazılı iltizamnaməsi əsasında reanimobil təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinin müşayiəti ilə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.
Xatırladaq ki, bu gün Xalq artisti Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və onun həyat yoldaşı, “SOY” prodakşının rəhbəri Oqtay Əliyev yol qəzasına düşüblər. Hadisə nəticəsində O.Əliyev dünyasını dəyişib.