Azərbaycandakı dini icmaların nümayəndələri Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə çağırış edərək sülhə dəvət ediblər.
"Report" xəbər verir ki, onlar müraciətlərini martın 28-də Quba Soyqırımı Memorial Kompleksini ziyarətdən sonra səsləndiriblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib ki, ölkədə bütün dini və etnik qruplar üçün bərabər şərait yaradılıb: "Azərbaycanda formalaşmış tolerantlıq, multikultural, birgə yaşayış ənənəsinin dünya üçün nə qədər önəmli olduğunu müşahidə edirik. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əldə olunmasında Azərbaycandakı tolerantlığın, milli və dini dəyərlərin xüsusi rolu olub".
O bildirib ki, ölkəmizin din siyasətindən irəli gələrək qarşıda duran başlıca vəzifə mövcud olan bu milli dəyərlərimizi qoruyaraq yeni nəslə ötürməkdir: "Dünyada cərəyan edən proseslər, mənəvi sahədə olan böhranın getdikcə dərinləşməsi bir daha göstərdi ki, Azərbaycan dünya üçün əhəmiyyət kəsb edən, dünyada sülhü təbliğ edən platforma yaradıb. Bu platformanın yaranmasında Azərbaycanda fəaliyyətdə olan bütün dini konfesiyaların, icmaların rolu var".