“Azərbaycan İsrail şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” konsepsiyasının həyata keçirilməsi sahəsində əməkdaşlığa göstərdiyi marağı yüksək qiymətləndirir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Münaqişə başa çatdıqdan sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. 9 şəhər və yüzlərlə kənd bərpa olunacaq və yenidən qurulacaq. Bu layihələr “ağıllı şəhər” konsepsiyasına əsaslanır. Biz İsrail tərəfinin bu sahədə əməkdaşlığa göstərdiyi marağı yüksək qiymətləndiririk”, - Bayramov bildirib.
Xarici işlər naziri həmçinin 2020-ci il Vətən Müharibəsindən əvvəl və onun dövründə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə İsrailə təşəkkür edib.
**12:42
“Azərbaycanla İsrail arasında enerji sahəsində əməkdaşlıq mühüm yer tutur”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Azərbaycan nefti İsrailin istehlak etdiyi neftin təxminən 30%-ni təşkil edir. İsrail Azərbaycandan xeyli miqdarda neft məhsulları ixrac edir”, - o deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan dayanıqlı, bərpa olunan enerjiyə əsaslanan iqtisadiyyata keçid üzərində işləyir:
“Bərpa olunan enerji mənbələri iqtisadiyyatı inkişaf etdirmək səylərimizə əhəmiyyətli təkan verəcək. Bu baxımdan, İsrail ən yaxşı təcrübə və texnologiyalarını Azərbaycana gətirmək üçün böyük potensiala malikdir”.
Nazir əlavə edib ki, Azərbaycan İsraildən yeni texnologiyalar, innovasiyalar, intellektual mülkiyyət və süni intellektə əsaslanan investisiyaların cəlb edilməsində çox maraqlıdır.
**12:21
İsrailin xarici işlər naziri Eli Kohen apreldə Azərbaycana səfər edəcək.
Senzor.az xəbər verir ki, bunu E.Kohen martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Nümayəndə heyətimiz ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana səfər edəcək”, - İsrailin XİN başçısı bildirib.
O, İsraillə Azərbaycan arasında əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayıb: “İsrail Azərbaycanla iqtisadi, texnoloji və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün səy göstərəcək”.
**12:16
“Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərar ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu”.
Senzor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, son 30 ildə ölkələr arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edib. Azərbaycan və İsrail xüsusilə də təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində fəal əməkdaşlıq edir.
Ceyhun Bayramov ikitərəfli əlaqələrin möhkəmlənməsində Azərbaycanda yaşayan yəhudi icmasının və İsrailin azərbaycanlı icmasının mühüm rola malik olduğunu qeyd edib.
Xarici işlər nazirinin sözlərinə görə, Azərbaycan və İsrail rəsmiləri arasında müntəzəm görüşlər də əməkdaşlığın inkişafına töhfə verir.
Qeyd edək ki, bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycanın səfirliyi açılacaq. Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, bir sıra azərbaycanlı deputatlar, həmçinin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iştirak edəcəklər.
**12:00
“Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası aprelin 19-da keçiriləcək”.
Senzor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşündə deyib.
C.Bayramov İsrailin xarici işlər naziri ilə Bakıda görüşməyi səbirsizliklə gözlədiyini vurğulayıb.
**11:44
"Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir".
Bunu İsrailin xarici işlər naziri Eli Kohen mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir:
“Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur”, - nazir vurğulayıb.
**11:40
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koenin təkbətək görüşü başa çatıb.
Senzor.az xəbər verir ki, hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər.
**10:18
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsrailə rəsmi səfəri çərçicəvəsində həmkarı Eli Koen arasında görüş başlayıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
**10.10
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Koenlə görüşüb.
Senzor.az bildirir ki, bu barədə E.Koen “Tvitter”də paylaşım edib.
“30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, - israilli nazir bildirib.
Qeyd edək ki, bu gün İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bu məqsədlə Azərbaycanın xarici işlər naziri C.Bayramov və Milli Məclisin bir qrup deputatı İsraildə səfərdədir.