“Ötən gün Ermənistan planlı şəkildə təxribat törədib”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hadisə ilə bağlı təhlillər davam edir: “Təəssüf ki, bölgədə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində addım atılan zaman Ermənistanın hərbi-siyasi təxribata əl atması ilk deyil. İlkin rəy onu deməyə əsas verir ki, bu, planlaşdırılmış təxribat idi. Ermənistan xüsusi təyinatlı korpusunun komandanının və onun müavininin təxribat zamanı ərazidə mövcudluğu göstərir ki, dünənki hadisə, konkret olaraq, düşünülmüş plan idi".
Nazir bildirib ki, təxribatın Laçında baş tutması həm də məcburi köçkünlərin geri qayıdışına mane olmaq cəhdi kimi qiymətləndirə bilər: "Ermənistan belə destruktiv addımlardan çəkinməlidir. Əks halda nəticəsi ağır olacaq. Biz dünən də bunu gördük. Ona görə də Ermənistan məsuliyyətsiz, təhlükəli addımlardan çəkinməlidir. Beynəlxalq tərəfdaşlar da buna çalışmalıdırlar. Prezident İlham Əliyev Qazaxıstanda qarşı tərəfə ciddi mesajlar vermişdi. Əlbəttə, bir gün sonra bu cür təxtibatın baş verməsi qəbuledilməzdir”.
**13:03
Azərbaycanla Ermənistan arasında dioloqu təşviq edən təşəbbüsləri dəstəkləyirəm.
Bu barədə Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
**13:00
Azərbaycan ATƏT-də önəmli rola sahibdir.
Məlumata görə, bu barədə Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, dayanıqlı sülh təmin olunmalıdır. Azərbaycan və xalqı buna layiqdir.
**12:39
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani arasında geniştərkibli görüş başa çatıb.
Senzor.az xəbər verir ki, hazırda tərəflər birgə mətbuat konfransı keçirirlər.
**12:22
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani arasında təkbətək görüş başa çatıb.
Senzor.az xəbər verir ki, hazırda tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.
Müzakirələr başa çatandan sonra C.Bayramovla B.Osmaninin birgə mətbuat konfransı olacaq.
**11:27
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında görüş başlayıb.
Senzor.az xəbər verir ki, C.Bayramov təşkilat sədrini Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.
Danışıqlardan sonra C.Bayramovla B.Osmani birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, ATƏT sədri Azərbaycanda səfərdədir.