Afrikada nəhənglər mübarizəsi: AZƏRBAYCAN NƏ EDİR VƏ NƏ EDƏCƏK?
ELÇİN ALIOĞLUNUN YAZISI

ABŞ və Çinin Afrikada təsir imkanları, gəlirlər və siyasi nüfuz uğrunda gedən qarşıdurması daha da aktivləşib. Belə şəraitdə Azərbaycanın Afrika ölkələri ilə perspektivlərinin ciddi potensialı var.

 

... Cibuti. Afrikanın şərqində yerləşən, dünyanın ən yoxsul ölkələrindən biri olan bu dövlətin qərbində böyük hərbi şəhərcik var. Helikopter meydançaları, nəhəng aviadaşıyıcı gəmiləri qəbul edə biləcək liman, anbarlar, kazarmalar, motorlu qayıqlar, zirehli texnika və 2200 hərbçi.

 

6 il əvvəl inşası başa çatmış bu qapalı və çox ciddi qorunan tikililər komlpleksi Çin Xalq Respublikasının xaricdəki ilk hərbi bazasıdır.

Afrikada proseslər indiki kimi davam edərsə, Çin "qara qitə"də daha bir neçə hərbi baza yaradacaq.

 

ABŞ-ın Afrikadakı Mərkəzi Komandanlığının rəisi general Stiven Taunsend hesab edir ki, Çin yaxın vaxtlarda Anqolada, Seyşel adalarında, Keniyada və Tanzaniyada hərbi bazaların yaradılması üçün aktiv fəaliyyətə başlayacaq. 

"Mavritaniyadan tutmuş, Namibiyaya qədər ən geniş arealda yerləşə biləcək belə bazalar Çinə artan hərbi qüdrətinin mövcudluğunu yalnız Sakit okeanda yox, Atlantik okeanında da təmin etməyə imkan verəcək", - S.Taunsend söyləyir.

 

Amerikalı generalın fikrincə, çinlilər Afrikanın bir çox ölkəsində amerikalıları qabaqlayıblar. Dəniz və okean limanlarının inşası, iqtisadi-maliyyə proqramları, infrastruktur layihələri və s. gələcəkdə Afrikada çinlilərin mövqelərini çox səbatlı edəcək.

 

Pentaqon mənsubu xəbərdarlığında, yumşaq desək, bir qədər gecikib, çünki Çin artıq illərdir ki, Afrika ölkələrinin ən böyük ticari və iqtisadi tərəfdaşıdır. "Səmaaltı imperiya" ilə "qara qitə" dövlətlərinin ticari dövriyyəsinin toplam illik həcmi arptıq 230 milyard dolları keçib. Afrika ölkələrində çinlilərin 14300-dən artıq şirkətləri fəaliyyət göstərir.

 

2020-ci ildə "Bir kəmər, bir yol" layihəsi çərçivəsində təsis edilmiş İnfrastruktur İnkişafı Fondunun büdcəsi 1 milyard dollar, Çinin Afrika ölkələrinə ünvanladığı güzəştli kreditlərin və maliyyə yardımlarının həcmi 63 milyard dollar təşkil edir.

 

Çin 2011-ci ildən bəri Afrikadakı infrastruktur layihələrinin əsas donoru və investoru olduğundan ABŞ-ın yaxın illərdə Pekini qabaqlaya biləcəyi real ehtimal təsiri bağışlamır.

 

Çini "neomüstəmləkə siysəti və borc girdabına salmaq siyasəti" yürütməkdə suçlayan Qərb propaqandasına rəğmən, Pekin indiyədək 11 Afrika ölkəsinin beynəlxalq öhdəliklər üzrə borclarını bağışladığından bu qərarlar Afrikada siyasi elitalarla yanaşı, sosium tərəfindən təqdirlə qarşılanıb.

 

Səbəb sadədir: Çinin xam neftə tələbatının 1/3 hissəsi Sudan, Anqola və Nigeriya kimi ölkələrdən alışlar hesabına təmin olunduğundan Pekin Afrikada uzunmüddətli stabilliyin bərqərarında maraqlıdır.

 

Çinin aldığı pambığın 20 faizi, meyvə-tərəvəzdən tutmuş, minerallara qədər geniş çeşiddə məhsulların əhəmiyyətli hissəsi də Afrikanın payına düşür.

 

Məhz bu səbəbdən Çin Afrikada təsir imkanlarını genişləndirməyə can atır. 

Pekinin təşəbbüsləri arasında kiberinfrastrukturla bağlı layihələr də var: belə ki, "Rəqəmsal İpək Yolu" layihəsi çərçivəsində Çinin ZTE korporasiyası Afrika ölkələrində 2,7 milyardlıq yeni sistemlər quraşdırır.

Nəqliyyat ldayihələrinə gəldikdə isə, Keniyada Mombasa və Nayrobi, Nigeriyada Abuca və Kaduna, Anqolada Lobito və Luzu, habelə Efiopiya və Cibuti arasında yeni dəmiryol marşrutlarının inşası ön plandadır.

 

Eyni zamanda, Çin Saxara səhrasından cənubda artıq 41 liman inşa edib və bu limanlardan hər 5-dən birində çinlilərin kommersiya maraqları ilə önəmli səhm payları var.

 

Afrika ölkələrinin elektroenerji sistemi də çinlilərin sərmayəsi və fəaliyyəti nəticəsində yenidən formalaşır. Bu günədək "qara qitə"də 26 elektrostansiya inşa edən Çin yaxın 4 ildə daha 13 hidroelektrik və istilik elektrostansiyalarını, habelə 16 yeni su bəndini istifadəyə verəcək.

 

Çin-Afrika Tədqiqat Təşəbbüsləri Qrupunun son hesabatına görə, "Səmaaltı imperiya" indiyədək Afrika ölkələrinin iqtisadiyyatlarına 167 milyard dollar sərmayə qoyub.

 

Çinlilər daha da fəallaşacaqlar. "The Heritage Foundation"un hesablamalarına görə, Afrikadakı 54 ölkədən 40-da 202 hökumət binasınıonlar inşa ediblər. 14 dövlətdə məxfi dövlət rabitə şəbəkəsini quraşdıran Çin hətta Afrika İttifaqının Efiopiyadakı mənzil-qərargahını inşa edib.

 

Çinin Afrikada nüfuzunun və təsir imkanlarının artmasının əsas səbəbi Qərb ölkələrindən və həmin ölkələrin idarə etdikləri beynəlxalq maliyyə təşkilatlarından fərqli olaraq, Pekinin sərmayə qoyduğu Afrika ölkələri qarşısında hansısa siyasi tələblər səsləndirməməsi, siyasi şərtlərin icrasını zəruri saymamasıdır.

 

Qlobal miqyasda Çinin geosiyasi, iqtisadi, hərbi, texniki və s. baxımdan yeganə rəqibi olan ABŞ baş verənlərin Vaşinqton üçün arzuolunmaz məcrada cərəyan etdiyini anlayıb.

 

Bu səbəbdən də Ağ Ev "Saxaradan cənubdakı Afrika ölkələri ilə bağlı strategiya" ("U.S. Strategy Toward Sub-Saharan Africa") proqramını açıqlamışdı. Kifayət qədər maraqlı və eyni zamanda unikal sayıla biləcək sənəddə Birləşmiş Ştatların "qara qitə" ilə bağlı hədəfləri ilə yanaşı, üsul və metodları müəyyənləşdirilib.

 

Sənəd Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkendən iqtibasla başlayır: "Afrika gələcəyi müəyyənləşdirəcək. Sadəcə, Afrikadakı xalqların yox, bütün dünyanın gələcəyini".

 

ABŞ-da Dövlət Departamenti adətən, yalnız öz sənədlərini açıqladığı halda, bəhs etdiyimiz strategiya Ticarət, Müdaifə nazirlikləri və habelə, federal strukturlardan tutmuş, lokal qurumlaradək ən müxtəlif təşkilatların iştirakı ilə hazırlanıb.

 

Məhz bu təşkilatlar strategiyanın reallaşdırılması ilə məşğul olacaqlar.


Ağ Ev şübhə etmir ki, Afrikada təsir miqyasını genişləndirməyə başlayanda orada fəal olan digər aktorlarla, ilk əvvəl Çin və Rusiya ilə qarşılaşmalı olacaq. 

ABŞ Afrika ilə bağlı qarşısında 4 əsas məqsəd güdür:

1. Açıq cəmiyyətlərin formalaşdırılması;

2. Demokratiya və təhlükəsizlik dividendlərinin təminatı;

3. COVİD-19 koronavirus pandemiyasından sonra iqtisadi imkanların bərpasına dəstək;

4. Ədalətli enerji keçidini, iqlim dəyişikliklərinə uyğunlaşmanı dəstəkləmək.

 

Amerikalılar məqsədlərinə regional tərəfdaşları ilə birlikdə yaxın 5 ildə çatmağı planlaşdırıblar. "Bu zaman Birləşmiş Ştatlar diplomatik, siyasi və müdafiə sahəsindəki bütün imkanlarından istifadə edəcək, ticari və kommersiya əlaqələrini möhkəmləndirəcək, həmçinin əsas diqqəti rəqəmsal ekosistemlərə yönəldəcək və urbanistik hablara istiqamətlənəcək", - sənəddə vurğulanır.

 

Nəzərə alsaq ki, "Freedom House" təşkilatı Saxara səhrasından cənubda olan Afrika ölkələrindən cəmi 8-ini "azad" sayır, amerikalılar "qara qitə"dəki dövlətlərdə "demokratik quruluş, sivil idarəetmə və açıq cəmiyyət qurulması" adı altında daxili siyasətə ciddi təzyiqlər göstərəcəklərini gizlətmirlər.

 

Bu zaman Afrika dövlətlərindəki hakimiyyətlərdən nələri istədiklərini, nələrdənsə uzaq durmağa çalışdıqlarını amerikalılar soruşan deyil.

Təbii ki, strategiyada pafoslu cümlələrlə yanaşı, ABŞ-ın obyektiv və rasional maraqlarından da bəhs olunur.

 

2050-ci ildə afrikalılar Yer kürəsindəki insanların 25 faizini təşkil edəcəklər. Bu isə dünyanın ən böyük işçi və istehlak bazarı, eyni zamanda intellektual və texnoloji potensial deməkdir.

 

Eyni zamanda tropik meşələrin ümumi sahəsinnə görə dünyada 2-ci yeri tutan Afrikada ən önəmli mineralların 30 %-nin yataqları yerləşir.

 

Siyasi təsir imkanlarına gəldikdə isə, Saxara səhrasından cənubdakı dövlətlər BMT-dəki səslərin 28 faizinə malikdirlər. Həmin səslərlə manipulyasiya rıçaqlarına yiyələnəcək istənilən dövlət qlobal siyasi arenada çəkisini dəfələrlə artırmış olacaq. 

Afrikada ABŞ və Çin arasındakı rəqabətdən bəhs ediriksə, Azərbaycanın bu qüvvələr nisbətində və mübarizəsində hansı yer tutduğu, ən mühümü isə perspektivlərinin proqnozlaşdırılması əlahiddə önəm kəsb edir.

 

Rəsmi Bakı Afrikadakı dövlətlərin bir çoxu ilə intensiv ikitərəfli təmaslara, ticari-iqtisadi və siyasi əlaqələrə malikdir.

 

Qoşulmama Hərəkatı çərçivəsində Afrika ölkələri ilə görüşlərlə danışıqların sayını həndəsi silsilə ilə artıran Bakı eyni zamanda "qara qitə"nin istək və tələblərini sürəkli olaraq beynəlxalq təşkilatlarda səsləndirir.

 

Cibuti kimi kiçik ölkədən tutmuş, Afrika "nəhəngi" sayılan Misirədək; qlobal siyasi müstəvidə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qurulduğu Əlcəzairdən tutmuş, informasiya texnologiyaları, maşınqayırma və mədən səneyesi sahələrində işbirdiyi layihələrinin sayının artırıldığı Namibiya və Cənubi Afrika Respublikasınadək ən geniş arealda Azərbaycan Afrikada siyasi-iqtisadi və mədəni mövcudluğunu gücləndirir.

 

Bəzi Afrika dövlətlərində Azərbaycan təhsil və səhiyyə sahələrində əsas tərəfdaşlardan biri, bəzilərində nəqliyyat infrastrukturunun faktiki olaraq yaradılmasında sərmayəçi və dəstəkçi ölkə, bəzilərində isə xarici siyasətdəki çağırışların həllində təmənnasız yardımçı qismində çıxış edir.

 

ABŞ və Çinin siyasi elitalarında artıq təsbitlənmiş, bir neçə dəfə isə rəsmilərin bəyanatlarında yer almış etiraflara görə, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında lider mövqe tutan dövlətlər sırasın şamil edilməyən, Afrikada çox fəal olmaqla yanaşı, Afrika ölkələrinin böyük rəğbət və etimad bəslədikləri nadir dövlətlərdən biridir.

 

Bu mövqenin bazisi bəllidir.

 

Azərbaycan afrikalı tərəfdaşları ilə regional stabilliyin və təhlükəsizliyin potensialının artmasına çalışaraq, tərəf-müqabillərinə etibarlı işbirliyi təklif edir.

 

Qlobal böhranlar və qeyri-stabilik şəraitində Azərbaycanın bu siyasətinə Afrikada layiq olduğu dəyər verilsə də, imkanlar və perspektivlər böyükdür.

 

"Qara qitə"nin ağ gələcəyi də bunu ehtiva edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.