Ağırlıqqaldırma üzrə Azərbaycan millisi hazırda Gürcüstandadır, millimiz bu gün Vətənə qayıdacaq.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib.
"Azərbaycan nümayəndə heyəti avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub", - o, əlavə edib.
Nazirlik sözçüsü bildirib ki, komandanı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də Vətənə çatacaq.
**15:02
“Ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq Ermənistanı tərk edib”.
“Sputnik-Ermənistan” xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.
O bildirib ki, Azərbaycan nümayəndə heyəti artıq sərhədi keçib.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb. Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.