Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmalıdır.
Senzor.az-ın məlumatına görə, bu barədə Başlıbel qətliamının 30-cu ildönümü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter hesabındakı paylaşımda deyilir.
"Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsini yad edirik. Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”, - deyə əlavə edilib.
Qeyd edək ki, 1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu işğal edən zaman Başlıbel kəndində törətdiyi qırğından 30 il ötür.
1993-cü ilin aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınıblar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.