“Münasibətlərin normallaşmasında maraqlı olan beynəlxalq tərəfdaşlar Azərbaycanın atdığı addımları dəstəkləməlidir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 27-də Bakıda Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, tərəflər eyni zamanda Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası barədə danışıblar: “Hesab edirik ki, bu missiya etimad mühitinin yaradılmasına diqqət etməli və Azərbaycanın legitim hüquqlarını nəzərə almalıdır. Təəssüf ki, missiya rəhbərliyinin yaxın keçmişdə verdiyi açıqlamalar missiyanın fəaliyyətinə xidmət etmir. Onlar təhrikedici açıqlamalar idi. Təbii ki, Azərbaycan bu açıqlamaya müvafiq reaksiya verib. Hesab edirik ki, sülh prosesinə mane olan açıqlamaların və addımların qarşısı alınmalıdır”.
**14:40
“Biz sülh prosesinə inanmasaydıq, bunun təşəbbüskarı olmazdıq”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 27-də Bakıda Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan sülh istiqamətində addımlar atıb: “Biz ABŞ-a öz təşəkkürümüzü bildiririk. ABŞ-ın səyləri nəticəsində Ermənistan danışıqlar proesinə qayıtdığını açıqlayılb. Biz bu prosesdə iştirak edəcəyik. Sülh prosesinin irəli aparılması üçün əlimizdən gələni edəcəyik”.
**14:34
Emmanuel Makron Azərbaycan Prezidenti ilə açıq və mütəmadi əlaqələrə çox önəm verir.
Bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Nazir bildirib ki, Fransa Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda sülhün, iqtisadi və sosial inkişafın mövcud olmasını istəyir və ölkəsinin məqsədi həmişə bundan ibarət olub.
Qonaq Fransanın ikitərəfli əlaqələrə, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əlaqələrə böyük önəm verdiyini bildirərək bu istiqamətdə geniş potensialın mövcud olduğunu deyib.
**14:30
“Azərbayan iki il yarım ərzində Fransanın Ermənistana hansısa çağırış etdiyini görmədi”.
Senzor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan açıq və şəffaf şəkildə, öz Konstitusiyasına uyğun addım atır: "Biz iki il yarım əvvəl bununla bağlı mövqeyimizi ortaya qoymuşduq. Ancaq Fransa Ermənistana çağırış etməmişdi".
**14:03
“Azərbaycan Laçın yolunda şəffaf nəzarət mexanizmini təmin etmək üçün müvafiq addımlar atıb”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün Laçın yolu açıqdır və üç istiqamətdə istifadə oluna bilər.
**14:00
“Yaxın zamanlarda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə ötən ilin noyabrından bəri fiziki təmaslar olmayıb: “Ancaq beynəlxalq təşkilatların təkidi nəticəsində yaxın zamanlarda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir. Nəqliyyat-kommunikasiya xətlərinin açılması və delimitasiya prosesi olduqca vacib məsələdir”.
**13:58
Azərbaycanla Fransa arasında müharibədən sonra fikir ayrılıqları yaranıb.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz Konstitusiyası, BMT Nizamnaməsi və legitim hüquqlarına əsaslanaraq torpaqlarını azad etdi. Ancaq postmünaqişə dövründə Fransa ilə münasibətlərdə müəyyən fikir ayrılıqları yarandı. Buna baxmayaraq, Azərbaycan hətta gərginlik dövründə belə təmasları davam etdirib. Biz təmaslara həmişə açıq olmuşuq".
**13:55
Azərbaycan və Fransa XİN rəhbərləri arasında geniş tərkibdə görüş keçirilib.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
**13:11
Azərbaycan və Fransa XİN rəhbərlərinin təkbətək görüşü keçirilir.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
**12:37
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Avropa və xarici işlər naziri Ketrin Kolonna arasında görüş başlayıb.
Senzor.az xəbər verir ki, C.Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.