"Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”"
Azərbaycan Prezidenti İlham Əliyev dünən İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxış edərkən belə dedi.
Onun nitqi Azərbaycan-Türkiyə qardaşlığının dünyaya bir daha izharı, proqram manifesti və yaxın gələcəklə uzaq perspektivdə ölkələrimiz arasındakı əlaqələrin strateji istimaqətinin bəlirlənməsi də sayıla bilər.
Çağdaş Türkiyə indi uğurlu dövlət modelinin ən gözəl nümunələrindən biridir. Rəcəb Tayyib Ərdoğanın idarəetmə modeli, siyasəti və geosiyasi paradiqması nəticəsində xalqına, millətinə və Vətəninə sözün həqiqi mənasında xidmət edən bir dövlətçilik modeli gözlər qarşısındadır.
Bu gün Türkiyə dövləti müdrik rəhbərliyi, sahib olduğu böyük imkanları sayəsində bütün maneələrə qarşı sarsılmaz mövqe nümayiş etdirir ki, nəticədə qardaş ölkə sadəcə, regional geosiyasi, iqtisadi və hərbi supergücə çevrilməklə yanaşı, dünya siyasətində qlobal qüvvələrdən biri olub.
Fevralın 6-da baş vermiş zəlzələnin fəsadlarının Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi və türk xalqının əzmkarlığı sayəsində sürətlə aradan qaldırıldı ki, bərpa işləri uğurla davam edir.
2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var.
Bunu dövlət başçımız da vurğuladı: "Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi".
44 günlük İkinci Qarabağ Müharibəsinin başlandığı ilk anlardan xalqlarımız və dövlətlərimiz bir oldular. Türkiyənin siyasi və mənəvi dəstəyini hər an hiss edən Azərbaycanın qələbəsində qardaş dövlətin də payı az deyil. Xüsusilə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradəli, qətiyyətli və sarsılmaz mövqeyi sayəsində Azərbaycana təzyiq etməyə, təsir göstərməyə çalışan güclər Bakı-Ankara qardaşlığının əzmini anlayaraq gərəkli nəticə hasil etmişdilər.
Rəcəb Tayyib Ərdoğannın bəyanatları, mövqeyi, onun mesajları Azərbaycana verilən birmənalı dəstək idi. O, aşkar deyirdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.
Təbii, Türkiyənin, qardaş ölkənin və xalqın dəstəyi bizə erməni işğalçıları ilə qanlı döyüşlərdə əlavə güc, ruh və əzm verdi.
Türkiyə son 20 ildə çətin, amma şərəfli yol keçdi. Məhz Ərdoğanın liderliyi və siyasəti nəticəsində qardaş ölkə qlobal geosiyasi arenada ciddi gücə çevrilməklə yanaşı, Cənubi Qafqazda da sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar olmasının təminatçısıdır.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı: “Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirib. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri danılmazdır.
Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcək”.
Xatırladaq ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.
Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, “TEKNOFEST”in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur. Builki “Texnoloji yarışlar”da 102 müxtəlif kateqoriya üzrə 41 yarış keçirilir.
2022-ci il mayın 26-29-da “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda yarışıb.
... "Baykar" şirkətinin istehsalı olan "Kızılelma" pilotsuz təyyarəsi və digər ən müasir, ən yeni məhsullarla texnologiyalara gəldikdə isə, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaq.
"Kızılelma" havada, "Altay" və "Togg" quruda, "Anadolu" dənizdə - bugünkü Türkiyə budur", - İlham Əliyev nitqində söylədi. Bu sözlər Türkiyənin elmi-texniki potenqsialı ilə yanaşı, hərbi-sənaye kompleksinin mövcud durumunu səciyyələndirən ən dəqiq ifadə sayılmalıdır.
Azərbaycan daim Türkiyənin yanındadır: xoş gündə də, acılı və kədərli anlarda da. Mərkəzi Pazarcıqda olmuş dağıdıcı, əsrin fəlakətinə çevrilmiş zəlzələdən ən çox ziyan görmüş şəhərlərdən olan Kahramanmaraşda Azərbaycan çox böyük layihəni reallaşdırmağa başlayıb.
Ölkəmiz bu şəhərdə 1000 ev tikəcək, məktəb, məscid, yataqxana, yaşayış binaları inşa edəcək.
"Teknofest"də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan bəhs etdiyimiz yaşayış kompleksinin təməlqoyma mərasimində onlayn iştirak etdilər. Kompleksi bir il müddətinə inşa edərək istifadəyə vermək nəzərdə tutulub.
Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Türkiyə Prezidenti dedi: “Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi”.
Gerçəkdən də belədir: qardaşlığımızı, birliyimizi bütün dünya görüb, bundan sonra da hərdaim görəcək.
Türkiyə kosmosa İMECE peyki, Beynəlxalq Kosmik Stansiyaya türk astronovtlar Alper Gezeravcı və Tuva Cihangir Ataseveri yollamağa hazırlaşır.
Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan da hərbi-sənaye və elmi-innovasiya sahələrində ciddi irəliləyişlərə nail olaraq ən müasir məhsullarını nümayiş etdirəcək.
Daha sonra isə kosmosda türkiyəli və azərbaycanlı astronavtlar birlikdə çalışa bilərlər.
Çalışacaqlar da.
Çünki 21-ci əsr bizim əsrdir...