ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.
**18:56
Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.
Senzor.az xəbər verir ki, görüş Vaşinqtonda keçirilir.
**18:04
Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.
Senzor.az xəbər verir ki, görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir.
Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair danışıqların gedişatını və sülh sazişinin layihəsini müzakirə edirlər.
İkitərəfli görüşdən sonra C.Bayramov, E.Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş gözlənilir.
**17:33
Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
“Sputnik Armenia” məlumat verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib.
İkitərəfli görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da iştirakı ilə üçtərəfli görüş gözlənilir.
**14:11
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc edilib.
Məlumatda qeyd olunub ki, ABŞ dövlət katibi Entoni Blinken əvvəlcə Ermənistan XİN rəhbəri ilə, daha sonra isə Ceyhun Bayramovla görüşəcək.
Daha sonra Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş Bakı vaxtı ilə təqribən 20:45-də nəzərdə tutulub.