Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.
Ölkənin elektroenergetika sektorunda texnoloji innovasiyalarin tətbiqi və infrastrukturun rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində inşa edilən Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Bildirildi ki, Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib. Mərkəzin birinci mərtəbəsində birinin gücü 2500 kVA olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə rəqəmsal idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.
Prezident İlham Əliyev Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzini işə saldı.
Qeyd olundu ki, rəqəmsal şəbəkələrin təməl elementi olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.
Rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi verilişində fasilələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən ala bilirlər. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə əlaqələndirilməsini tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir.
**
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma şəbəkə barədə məlumat verildi.
Bildirildi ki, şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub. İlkin mərhələdə 18,5 kilometr yolun tikintisi planlaşdırılır. Birinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 44, ikinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 34, ümumşəhər əhəmiyyətli küçə və yolların eni 24, yerli əhəmiyyətli küçə və yolların eni isə 20 metr olacaq.
Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, ətraf mühitə dəyən zərəri azaltmaq üçün yaşıllıq zolaqları, sağlamlığa faydalı vərdişləri artırmaq üçün velosiped yolları, ictimai nəqliyyat üçün xüsusi hərəkət zolaqları yaradılacaq. Prospektlərin dördzolaqlı, küçə və yolların isə ikizolaqlı olacağı planlaşdırılır.
Füzuli şəhərində daxili yol-küçə şəbəkə sxemi və kommunikasiya xətlərinin layihəsi vahid işçi qrupu tərəfindən bütün qurumların rəyi alınmaqla hazırlanıb. Şəhərdaxili yollar inşa olunarkən piyada səkilərinin altından keçəcək elektrik, qaz, su, rabitə, kanalizasiya və yağış sularının axıdılması xətləri ilə birlikdə həyata keçiriləcək. Bu isə həm vaxta, dövlət vəsaitinin qənaətinə, işlərin optimallaşdırılmasına və yüksək səviyyədə əlaqələndirilməsinə imkan yaradacaq, habelə kommunikasiya şəbəkələrinin paralel çəkilməsi zamanı yarana biləcək problemlərin aradan qaldırılmasına imkan verəcək.
Prezident İlham Əliyev Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlini qoydu.
Sonra dövlətimizin başçısına və birinci xanıma Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikintisi barədə də məlumat verildi.
**19:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanış olublar.
Senzor.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verdi.
Qeyd olundu ki, ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir. Dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli və yeddimərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq. Onların 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur. İkiotaqlı mənzillərin sahəsi 54-68 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 71-109 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 92-108 kvadratmetr təşkil edəcək.
Hazırda kompleksin inşası sürətlə və keyfiyyətlə davam etdirilir. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Bütün binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.
**19:34
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verildi.
Bildirildi ki, kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulub. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Qeyd edildi ki, birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı 327 fərdi ev tikiləcək.
Kənddə çoxfunksiyalı inzibati bina, məscid və mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, idman klubu, tibb mərkəzi, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyektləri, bazar fəaliyyət göstərəcək.
Məlumat verildi ki, Dədəli kəndi də tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət məqsədilə bu kənddə də alternativ enerjidən istifadə, istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kənddə tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev Dədəli kəndinin təməlini qoydu.
**19:18
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun açılışında iştirak edib.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Ümumi uzunluğu 12,3 km olan yol birinci texniki dərəcəlidir. Bu yol başlanğıcını “Zəfər yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir.
Layihəyə əsasən yolun 6,7 kilometrliyində “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir.
**18:43
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, Pirəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 178 hektardır. Kəndə 2 min 369 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 565 fərdi ev tikiləcək və hər bir evin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 70,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 280 fərdi evin tikilməsi nəzərdə tutulur.
Kənddə çoxfunksiyalı inzibati binanın, mehmanxana və kafe-restoranın, məscid və mərasim evinin, yanacaq doldurma məntəqəsinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 480 yerlik orta məktəbin, 80 yerlik 2 uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, bazarın, rabitə qovşağının tikintisi planlaşdırılıb.
Diqqətə çatdırıldı ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev Pirəhmədli kəndinin təməlini qoydu.
**18:42
Mayın 5-də “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib.
Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, yeni inşa edilən “Hadrut” qovşaq yarımstansiyasının təməli 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulub.
Bildirildi ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılan 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kV-luq 2x1600 kVA gücündə yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə tələbatını ödəyəcək. Həmçinin yeni qovşaq yarımstansiyası Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək.
Yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Zərurət yaranarsa, “Hadrut” qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq.
Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
Qeyd olundu ki, Təlim-Tədris Kompleksində Beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait nəzərə alınıb.
Kompleksin Regional Tədris Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz təlim-tədris zalından və təlim poliqonundan ibarətdir. Tədris zalı 35/0,4 kV-luq müasir şəbəkə modelinin, 35 və 0,4 kV-luq fiberoptik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələri, perspektiv inkişafı və üstünlüklərinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub. Burada, həmçinin xüsusi dayaqlarda şəbəkədə istifadə edilən element və ləvazimatlar qurulub.
İşğaldan azad edilmiş ərazilərdə Yaşıl enerji mənbələrinin (işlək günəş və külək enerji qurğuları) tətbiqinə dair real işlək model də tərtib edilib, həm personalın, həm də gələcəkdə fəal istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Eyni zamanda, Elektroenergetika sahəsində əldə edilmiş tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC sayğacları) və müasir təhlükəsizlik texnikası, idarəetmə plakatları təqdim edilir.
Məlumat verildi ki, beynəlxalq tədbirlər poliqonu isə peşə ustalığı yarışları və müasir texnologiyaların əyani nümayişi üçün nəzərdə tutulmuş texnoloji ərazidir. Eyni zamanda, poliqonda Günəş və külək enerjisi qurğularının quraşdırılması, istismarı və müasir idarəetmə sistemləri üçün BOEM-təlim sahəsi planlaşdırılıb. Təlim poliqonunda real iş şəraitində istifadə edilən müasir şəbəkə modeli, Yaşıl enerji elementləri (Günəş və külək enerji mənbələri) və innovativ layihə maketlərinin yerləşdirilməsi nəzərdə tutulub. Poliqon beynəlxalq peşə ustalığı yarışlarının, elektrotexniki təlim tədbirlərinin keçirilməsi və müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin əyani nümayiş etdirilməsi üçün də geniş imkanlar yaradacaq.
Burada yaradılan Regional Logistika Mərkəzi isə region üzrə tələb olunan nəqliyyat, xüsusi texnika və mal-materialın nəqli, təmiri və saxlanması üçün nəzərdə tutulub. Məqsəd, tələb olunan texniki vasitələrin vaxt itkisi olmadan əraziyə çatdırılması və saz vəziyyətdə saxlanmasından ibarətdir.
Transformator xidmət sahəsində müasir paylayıcı şəbəkələrdə tətbiq edilən güc transformatorlarının təmiri, sazlanması və müasir cihazlarla təchiz edilməsi həyata keçiriləcək.
Mərkəzi Laboratoriya smart sayğaclar, kabel, izolyator, qurğu və avadanlıqların test-sınaq-diaqnostika tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub.
**18:23
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışında iştirak edib.
Senzor.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yolun hərəkət hissəsinin eni 14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir.
Dövlətimizin başçısının tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolun üzərindəki 6 körpünün tikintisi başa çatıb. Yol boyunca 18 avtobus dayanacağı quraşdırılıb.
Yeni avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
Qeyd edək ki, bu yol Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunur.
**18:08
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Hadrut qəsəbəsində inzibati mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verildi.
Bildirildi ki, inzibati zonanın ümumi sahəsi 4,2 hektardır. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının ofislərinin binaları daxildir.
Qəsəbənin inzibati ərazisinə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. Yol və kommunikasiya xətlərinin ümumi uzunluğu 1100 metr olacaq. Hadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024-cü ilin martında başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev Hadrut qəsəbəsində inzibati mərkəzin təməlini qoydu.
**
Mayın 5-də Hadrut qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası barədə məlumat verilib.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə qəsəbənin tarixi hissəsində mərkəzi məhəllənin bərpasının və abadlaşdırılmasının nəzərdə tutulduğu bildirildi.
Qeyd olundu ki, Hadrutun tarixi hissəsində bərpa və konservasiya işləri çərçivəsində ilkin dövrdə Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aid məbədin, onun yanındakı üç tikilinin bərpası, həmin ərazinin abadlaşdırılması planlaşdırılır. Məhz bu hissədə bərpa və konservasiya işləri gələcəkdə Hadrutda aparılacaq tarixi tikililərin bərpa işləri üçün ilkin təcrübə olacaq və digər işlər bu təcrübəyə əsaslanaraq aparılacaq.
Məlumat verildi ki, bu xristian məbədi Hadrutun tarixi hissəsinin əsas memarlıq abidəsidir. Qafqaz Albaniyası dövründə həmin məbəd müxtəlif dövrlərdə bir neçə dəfə bərpa edilib. Məbəd sonuncu dəfə 1621-ci ildə bərpa olunub. Bu məbədin divarlarında daha qədim dövrdə tikilmiş abidənin daşlarından istifadə edilib. Buna görə də Qafqaz Albaniyası dövrünə aid məbəd və onun ətrafında Dövlət Turizm Agentliyi tərəfindən bərpa və abadlaşdırma işləri görülməzdən əvvəl burada elmi-tədqiqat və arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Çünki işğal dövründə Hadrutda olan bir sıra abidələr kimi, bu məbədin də tarixi mənşəyinə ermənilər tərəfindən müdaxilələr edilib.
Yerli əhəmiyyətli memarlıq abidəsi kimi rəsmi olaraq dövlət mühafizəsinə götürülən məbəd kompleksinin ərazisində onlarla qəbir daşı yerləşir. Bununla əlaqədar ərazinin arxeoloji cəhətdən tədqiq edilməsinə ehtiyac yaranıb.
Azərbaycan Prezidentinə və birinci xanıma Turizm Məlumat Mərkəzi barədə də məlumat verildi.
Qeyd olundu ki, Hadrutun mərkəzi hissəsində yerləşən tarixi mülkün bərpa edilərək, Turizm Məlumat Mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəzdə Hadruta gələn ilk turist qruplarına qəsəbə və ətraf kəndlərdəki turizm obyektləri haqqında məlumat veriləcək. Turizm Məlumat Mərkəzi iki hissədən ibarət olacaq. Birinci hissə turistlərin qəbulu sahəsi, ikinci hissə isə turizm işçiləri üçün ofis kimi nəzərdə tutulur.
**
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verildi.
Qeyd edildi ki, ilk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək.
Bildirildi ki, Hadrut qəsəbəsində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir.
Dövlətimizin başçısı Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin təməlini qoydu.
Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdıran tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi Hadrut rayonunda ilk yaşayış məhəlləsinin təməlinin qoyulması ilə bir daha təsdiqini tapır. Otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan hadrutlular üçün ilk yaşayış məhəlləsinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır.
**17:37
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanış olublar.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verildi.
Bildirildi ki, bərpa olunacaq məktəb 1,9 hektar ərazidə yerləşir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra məktəbdə 15 sinif otağı, idman və akt zalları, yeməkxana, kitabxana, hərbi dərs otağı, 3 laboratoriya və 2 texnologiya otağı, informatika otağı olacaq. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları müasir avadanlıq və ləvazimatlarla təchiz ediləcək.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunmuş rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Hadrutda məktəb binasının tikintisi də bu işlərin tərkib hissəsidir.
**17:33
Mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məhəllənin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma yaşayış məhəlləsi barədə məlumat verildi.
Bildirildi ki, ümumi sahəsi 99 hektara yaxın olan ilk yaşayış məhəlləsi Tuğ kəndinin təsdiq edilmiş Baş planına uyğun qaydada salınacaq. 1089 nəfərin yaşaması üçün nəzərdə tutulan məhəllədə birinci mərhələdə 24 tarixi fərdi ev bərpa ediləcək, 95 ev isə yenidən tikiləcək. Növbəti mərhələlərdə isə məhəllədə 244 yeni fərdi evin tikilməsi nəzərdə tutulur.
Məhəllədə 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, ticarət mərkəzləri, məscid, kilsə, tibb məntəqəsi, aptek, idman sağlamlıq sahəsi, tərəvəz və meyvə anbarı da olacaq. Ümumiyyətlə, yaşayış məhəlləsində əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.
Diqqətə çatdırıldı ki, Tuğ kəndində bir sıra binaların - inzibati bina, klub-icma mərkəzi, məktəb, bağça və 15 fərdi evin tikinti-bərpa işlərinin 2024-cü ilin martında tamamlanması planlaşdırılır.
Dövlətimizin başçısı Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlini qoydu.
**
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Senzor.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma ilkin mərhələdə Tuğ kəndinin ictimai-inzibati mərkəzində inşası planlaşdırılan binalar barədə məlumat verdi.
Bildirildi ki, kənddə 1,63 hektar sahəni əhatə edəcək inzibati zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, restoran tikiləcək. Burada tikiləcək və bərpa ediləcək binaların ümumi sahəsi 3200 kvadratmetr olacaq.
Ərazidə genişmiqyaslı abadlıq işlərinin görülməsi, yerüstü parkinq sahəsinin yaradılması nəzərdə tutulub. Bu ərazilərə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. İnzibati mərkəzdə tikinti-bərpa işlərinin gələn ilin martında başa çatdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı İnzibati Mərkəzin təməlini qoydu.
**
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verildi.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirdi ki, Agentlik Tuğda təqdim etdiyi turizm konseptual yanaşma çərçivəsində üç istiqamətdə - tarixi-memarlıq üslubunu qorumaqla mədəni turizmin inkişaf etdirilməsi, təbiət resurslarından səmərəli istifadə edib ekoturizm və “yaşıl destinasiya” konseptində turizm sənayesinin inkişaf etdirilməsi və aqroturizm resurslarından istifadə etməklə dayanıqlı və icma əsaslı turizm inkişaf konsepsiyası üzrə layihələrin həyata keçirilməsini planlaşdırır.
Qeyd olundu ki, ilk mərhələdə Tuğ kəndində keçmiş məktəb binası olmuş yaşayış korpusunun konservasiyası nəzərdə tutulur. Kəndin tarixi memarlığı dərindən öyrənildikdən və kifayət qədər yerli memarlıq üslubunda elmi-tədqiqat və elmi təhlillər, praktiki təcrübə qazanıldıqdan sonra bu abidənin bərpası layihəsi həyata keçirilə bilər. Çünki Tuğda ənənəvi Azərbaycan memarlığına işğal dövründə çox müdaxilə edilib və bəzi tikililər açıq-aşkar vandalizmə məruz qalıb. Buna görə də ilkin olaraq ümumi sahəsi 1464 kvadratmetr olan tikililərin konservasiyası və konsolidasiyası işləri ilə yanaşı, 6515 kvadratmetrlik ətraf ərazisinin abadlaşdırılması nəzərdə tutulur. Bundan başqa, kəndin mərkəzi hissəsində yerləşən, ümumi sahəsi 450 kvadratmetr olan mövcud tarixi tikililərin bərpa edilərək Turizm İnformasiya Mərkəzi və şərab dequstasiya yeri kimi istifadə edilməsi nəzərdə tutulur. Tuğ kəndinə gələcəkdə turizm axını ilə əlaqədar burada keyfiyyətli xidmətlərin göstərildiyi iaşə obyektinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, tarixən şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi Xocavənd və Füzuli rayonlarının üzüm sahələrindən toplanan məhsuldan alınan şərabları ilə məşhur olub. Şərab zavodunun ümumi sahəsi 1300 kvadratmetrdir və onun ətrafındakı 850 kvadratmetrlik sahənin abadlaşdırılması nəzərdə tutulur. Zavod üçün müasir turizm konsepti tətbiq ediləcək. Belə ki, bura yalnız şərab istehsal edilən yer deyil, həmçinin Tuğ bölgəsində tarixən mövcud olmuş şərabçılıq ənənəsinin təbliğ olunduğu məkana çevriləcək. Kompleksin tərkibində müxtəlif tədbir və festivalların keçirilməsi üçün çoxtəyinatlı məkanlar olacaq.
Diqqətə çatdırıldı ki, Kulinariya Təlim Mərkəzi təkcə Qarabağın deyil, bütün Azərbaycan mətbəxinin turistlərə təbliğ və eksperimental kulinariya metodlarının tətbiq edildiyi məkanlardan biri olacaq. Tikilinin tərkibində qruplar və heyətlər üçün mətbəx, qəbul, dequstasiya otaqları nəzərdə tutulur.
Həmçinin Tuğ kəndinin Şuşa yolu üzərində vacib turizm destinasiyası olması faktı nəzərə alınaraq, burada avtomobil dayanacağı da yaradılacaq.
Bildirildi ki, Tuğ kəndində tarixi tikililər, küçələr, hasar və darvazalar ənənəvi memarlıq üslubunda bərpa və konservasiya olunacaq. Görüləcək işlərin planına, həmçinin Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxildir.
Qeyd olundu ki, gələcəkdə Tuğ kəndində turizm infrastrukturunun inkişafından və yerli icmanın kəndə qayıtmasından sonra bir sıra fəal turizm məhsullarının inkişaf etdirilməsi planlaşdırılır. Tuğ kəndinin Hadrut qəsəbəsinin və Füzuli şəhərinin yaxınlığında yerləşməsi, Şuşaya gedən yolun buradan keçməsi amilləri nəzərə alınaraq, gələcəkdə ətrafdakı tarix və mədəniyyət abidələrinə haykinq və piyada turizm marşrutlarının yaradılması, piyada gəzintisi üçün dağ cığırlarının keçdiyi yerlərdə kempinq zonaların, kiçik etnoqrafik festivalların, günlük turist səfərlərinin təşkili və digər layihələrin həyata keçirilməsi üçün böyük potensial var.
**13:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd və Füzuli rayonlarına səfər ediblər.
Senzor.az bildirir ki, dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib.
Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış olub, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma Turizm Məlumat Mərkəzi barədə məlumat verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İnzibati Mərkəzin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, “Hadrut” qovşaq yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını edib, Dədəli kəndinin təməlini qoyub.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində aparılan inşaat işləri ilə tanış olub, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlqoyma mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışını edib.
Dövlətimizin başçısı və birinci xanım Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə tikilən məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar.
Sonra Prezident İlham Əliyev Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub.
**11:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər.
Senzor.az bildirir ki, dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib.
Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış olub, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma Turizm Məlumat Mərkəzi barədə məlumat verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İnzibati Mərkəzin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, Hadrut “Qovşaq” yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin də açılışını edib, Dədəli kəndinin təməlini qoyub.