Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının rəhbəri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Atatürk Hava Limanı Millət Bağçasında “Böyük İstanbul Mitinqi” keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mitinqə 1 milyon 700 min nəfər qatılıb.
Mitinq keçirilən ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb və mitinqə gedən hər kəs polis əməkdaşları tərəfindən yoxlanılıb. Aksiya yerinə gedən nəqliyyat vasitələrinin tam dolu , stansiya platformalarında izdihamın olduğu bildirilib.
Mitinq boyu seçkilərdəki əsas rəqibi Kamal Kılıçdaroğlunu tənqid edən Rəcəb Tayyib Ərdoğan onu terror təşkilatları ilə əlbir olmaqda suçlayıb: “Bu terror təşkilatları ilə bərabər gəzən, dolaşan Kılıçdaroğluna vətəni böldürməyəcəyik”.
Eyni zamanda, 2019-cu ildə İstanbulun meri seçilən Ekrem İmamoğlundan bəhs edən Türkiyə Prezidenti ona 2024-cü ildə baş tutacaq növbəti bələdiyyə seçkilərində “lazımi dərsin verilməsinə” işarə edib.
Dövlət başçısı bildirib ki, mayın 14-də bəzilərini təqaüdə yollayacaqlar: “İstanbul “Hə” deyərsə, bu iş bitər. İstanbul “Bəzilərini təqaüdə yollayacağıq” desə, bu iş bitər!”.