“Ümummilli Heydər Əliyev bütün xalqlara və dövlətlərlə ehtiramla yanaşırdı. O, hər zaman Azərbaycanın dostlarının sayının çox olmasına çalışırdı. Çünki bilirdi ki, hər bir dövlət tərəfdaşları və dostları ilə güclüdür”.
Senzor.az xəbər verir ki, bu fikirləri spiker Sahibə Qafarova mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda deyib.
O bildirib ki, Heydər Əliyev Azərbaycan naminə yorulmaz fəaliyyəti ilə hələ sağlığında xalqımızın dərin hörməti və məhəbbətini qazanaraq xalqın qəlbində özünə möhtəşəm abidə ucaltmışdı:
“Onun ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq”.
Sədrin çıxışı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Bununla da Azərbaycan Milli Məclisində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan xüsusi iclas başa çatıb.
Qeyd edək ki, xüsusi iclasda müxtəlif ölkələrin parlament sədrləri, sədr müavinləri, habelə beynəlxalq təşkilatların təmsilçiləri çıxış edib.
**15:19
"Heydər Əliyev öz müdrik fəaliyyəti ilə Azərbaycan xalqı üçün milli qürur mənbəyi olaraq qalacaq".
Bunu Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.
O vurğulayıb ki, Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan dünya birliyində layiqli yerini tutub: "Heydər Əliyev Azərbaycanla ərəb dövlətləri arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat olub. Ərəb Parlamenti adından bildirmək istəyirəm ki, Azərbaycanla ərəb dövlətləri arasında münasibətlərin inkişafı üçün əlimizdən gələni edəcəyik. Böyük rəhbərlərin izləri tarixdə hər zaman qalacaq, xalqlar onları yad edəcək. Heydər Əliyev də tarixdə, xalqının yaddaşında daim qalacaq. Azərbaycan ilə ərəb dövlətləri arasında möhkəm münasibətlər bundan sonra da davam edəcək”.
**14:52
“Heydər Əliyev Türk dünyasının birliyində böyük rol oynayıb, tarixin müxtəlif dövrlərində bir-birindən ayrı düşmüş türk dünyasının birləşdirilməsi naminə yorulmaz səylər göstərib”.
Bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Baş katibi Mehmet Süreyya Er bildirib.
Mehmet Süreyya Er deyib ki, Heydər Əliyev siyasi kursunun mühüm istiqamətlərindən biri olan Azərbaycanın Türk dövlətləri ilə əməkdaşlığının inkişafı Azərbaycan xarici siyasətində müstəsna yer tutmaqdadır: “İnstitusional çərçivədə hərtərəfli inkişaf edən Türk əməkdaşlığının hazırkı səviyyəsinin kökündə Türk birliyi ideyasının müəlliflərindən olan Heydər Əliyev kimi dahi şəxsiyyətlərin yorulmaz fəaliyyəti və zəhməti dayanır. Onun uğurlu siyasəti və diplomatiyası sayəsində Azərbaycanın qardaş dövlətlərlə dərinləşən və genişlənən əlaqələri hazırkı ölkə rəhbərliklərinin iradəsi və əzmi ilə yeni mərhələyə qədəm qoyaraq, həm ikitərəfli, həm çoxtərəfli müstəvilərdə daha da inkişaf etməkdədir. Bu gün əminliklə onu da deyə bilərik ki, Türk dövlətləri arasında əlaqələrin inkişafının daha da dərinləşməsində parlament diplomatiyası öz sözünü deyir. Heydər Əliyevin Türk dünyasının birliyində rolu və misilsiz xidmətləri bir çıxışa sığmayacaq qədər böyükdür. Türk dünyasının dahi oğlu Heydər Əliyevə sevgi və rəğbət onun xatirəsinin böyük ehtiramla anılmasında özünün aydın ifadəsini tapır”.
**13:50
Heydər Əliyev dahi və peşəkar siyasətçi idi.
Bunu Rusiya Dövlət Dumasının sədr müavini Aleksey Gordeev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.
A.Gordeev bildirib ki, həmişə öz xalqına xidmət edən Heydər Əliyevin xatirəsi Rusiyada da əziz tutulur.
"O, hər zaman insanlara qarşı qayğıkeş olub. Heydər Əliyev Rusiyanın böyük dostu idi. Onun Rusiya-Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə töhfəsini yüksək qiymətləndiririk. Heydər Əliyevin xatirəsini daim qəlbimizdə əziz tutacağıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.
**13:05
Heydər Əliyev öz xalqını və Vətənini sevən lider idi. Heydər Əliyev ən keçməkeçli dövrdə Azərbaycanın taleyi üçün böyük məsuliyyəti üzərinə götürdü və Azərbaycanən biriliyi üçün böyük işlər gördü.
Bunu Özbəkistan Ali Məclis Senatının Sədri Tənzilə Narbayeva Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.
O qeyd edib ki, Heydər Əliyevin siyasi liderliyi və bacarığı sayəsində Azərbaycan xalqı böyük bəlalardan qurtuldu.
“Azərbaycan çox qısa dövrdə beynəlxalq aləmdə böyük nüfuz qazandı. Onun dövründə mütərəqqi islahatlar həyata keçirildi. Heydər Əliyevin irsi Azərbaycan dövlətinin banisi kimi dünya siyasətçiləri tərəfindən yüksək qiymətləndirilir. Sevindirici haldır ki, Prezident İlham Əliyev atasının siyasətini uğurla davam etdirir. Özbəkistanda Heydər Əliyev xatirəsi uca tutulur. Onun Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin gücləndirilməsinə rolunu unutmurlar”, - deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.
**11:03
Milli Məclisin xüsusi iclası başlayıb.
Senzor.az xəbər verir ki, Sahibə Qafarovanın sədrlik etdiyi iclas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Toplantıda Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali və digər ölkələrin parlament sədri, ümumilikdə 10 ölkənin parlament sədrinin müavini, 6 ölkənin parlament üzvləri, beynəlxalq parlament təşkilatlarından isə 4 nümayəndə iştirak edir.
Tədbirdə iştirak edən xarici nümayəndələrin sayı 228 nəfərdir.
Tədbir iştirakçıları ilk olaraq parlamentin foyesində Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən sərgiyə baxış keçiriblər.