Mayın 17-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatının təntənəli açılışı olub.
Azərbaycanın gənclər və idman naziri, Avropa gimnastikasının prezidenti Fərid Qayıbov bədii gimnastika üzrə Avropa çempionatının açılışını elan edib.
"Bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda beşinci dəfədir keçirilir. Həmçinin ölkəmizdə bu gimnastika növü üzrə iki dəfə dünya çempionatı təşkil olunub. Bir neçə gün əvvəl Beynəlxalq Gimnastika Federasiyası Şurasının iclasında bədii gimnastika üzrə dünya çempionatının 2027-ci ildə Bakıda keçirilməsi qərara alınıb", - deyə nazir bildirib.
Fərid Qayıbov bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya, yerli təşkilat komitəsinə, könüllülərə minnətdarlığını bildirib.
Vurğulanıb ki, belə yarışların təşkili dövlətimizin başçısının dəstəyi olmadan mümkün deyil və Azərbaycan Prezidenti İlham Əliyev idman sahəsinə daim böyük diqqət və qayğı ilə yanaşır.
Trendxatırladır ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Yarışlarda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcəklər.
Avropa çempionatının ilk günü gənclərdən ibarət komandalar qrup hərəkətlərində beş iplə və beş topla proqramda çıxış edirlər.
Yarışlar "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilir. Bədii gimnastika ulduzlarının iştirak etdiyi qitə çempionatında bütünlükdə 38 ölkədən 315 gimnast (191 böyük, 124 gənc) çıxış edəcək.
Yarışlarda Azərbaycanı böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova və İlona Zeynalova, həmçinin qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası və Gövhər İbrahimoba, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası təmsil edəcəklər.