G7 ölkələrinin liderləri Yaponiyanın Hirosima şəhərində keçirilən iclasda Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul ediblər.
TASS xəbər verir ki, sənəddə Ukraynaya iqtisadi yardım göstərilməsi öz əksini tapıb.
Bildirilib ki, 2023-cü il və 2024-cü ilin əvvəli üçün büdcə dəstəyi artıq qəbul olunub. Liderlər “Taxıl sazişi”nin genişləndirilməsi və uzadılmasını dəstəkləyir.
G7 Rusiyanı məğlub etmək üçün Ukraynaya hərbi, maliyyə, humanitar və diplomatik dəstək verəcək. Bundan başqa, G7 Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmaq üçün tədbirlər görəcək. Bu ölkələr nüvə enerjisi sahəsində Rusiyadan asılılığı dayandırmağa çalışacaq. Eyni zamanda G7 Rusiyaya sənaye avadanlığı və texnologiyalarının ixracını məhdudlaşdırmağa davam edəcək.
**09:28
Bu gün Yaponiyanın Xirosima şəhərində “G7” ölkələri liderlərinin görüşü başlayır. Görüşdə liderlər bir daha Rusiya ilə müharibədə Ukraynanı dəstəkləməyə diqqət ayıracaqlar.
“Report” xəbər verir ki, üç gün ərzində - mayın 21-dək şəhər bir sıra kəskin qlobal mövzuların müzakirəsi üçün platformaya çevriləcək: Ukrayna müharibəsi, nüvə tərk-silahı, ərzaq böhranı, təmiz enerjiyə keçid, Çin siyasəti.
Sammitdə Yaponiyanın Baş naziri Fumio Kisida, ABŞ Prezidenti Cozef Bayden, İtaliyanın Baş naziri Corca Meloni, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Kanadanın Baş naziri Castin Trüdo, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron edəcəklər.
İclasa Avropa İttifaqının nümayəndələri – Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen dəvət olunublar. Bundan başqa, sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski, o cümlədən Avstraliya, Braziliya, İndoneziya, Cənubi Koreya, Vyetnam, Kuk adaları və Komor adaları İttifaqının liderləri və yüksəkvəzifəli siyasətçilərinin iştirakı gözlənilir.
Bundan əlavə, sammitə beynəlxalq təşkilatların - BMT, Dünya Bankı, ÜST, Beynəlxalq Enerji Agentliyi, BVF və Ümumdünya Ticarət Təşkilatı və İƏİT nümayəndələri də dəvət olunub.