Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.
Bu barədə Senzor.az-a icmanın sözçüsü Ülviyyə Zülfiqar məlumat verib.
O qeyd edib ki, icmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların imzaladığı müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.
İcmanın sözçüsü bildirib ki, sözügedən müraciətin BMT-nin rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycanda dağıdılan mədəni irsimizlə bağlı məsələnin beynəlxalq gündəliyə gətirilməsində mühüm rol oynayan bir addımdır.
“Bu sənədin yayılması ilə həm də BMT-yə üzv dövlətlər indiki Ermənistan ərazisində məhv edilmiş və ya başqa ölkələrə məxsusmuş kimi təqdim edilən irsimiz barədə daha ətraflı məlumat almış olur. Mədəni hüquqların, yəni, bütün müxtəlifliyi ilə insan yaradıcılığının və onun həyata keçirilməsi, inkişaf etdirilməsi, əlçatan edilməsi, qorunub saxlanılması və mühafizəsi üçün şəraitin təmin edilməsi bizim əsas hüquqlarımızın ayrılmaz bir hissəsidir”, - Ü.Zülfiqar vurğulayıb.
Qeyd etmək yerinə düşər ki, sözügedən müraciətdə icma üzvləri Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlıqlarını ifadə etməklə Azərbaycan ictimaiyyətinin UNESCO-ya əvvəlki müraciətlərini təkrarlayaraq, Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi üçün buraya faktaraşdırıcı missiya göndərməsini bir daha xahiş etmişdi. Bu artıq Qərbi Azərbaycan İcmasının BMT-də yayılan üçüncü rəsmi sənədidir. Bu ilin yanvar ayında İcmanın Beynəlxalq ictimaiyyətə müraciəti, mart ayında isə Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılmışdı.