Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvaya işgüzar səfərə gedib.
Senzor.az bildirir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli sammitinin keçirilməsi planlaşdırılır.
Yeri gəlmişkən, Moskvanın "Kommersant" nəşrinin məlumatına görə, görüşün yekunlarına əsasən ən azı iki sənəd qəbul edilməlidir. Onların razılaşdırlması mayın 24-də bütün gün davam edib.
“Nəqliyyat kommunikasiyalarının açılması haqqında birinci sənədi baş nazirlərin müavinləri hazırlayıblar.
İkinci sənəd Əliyev, Paşinyan və Putinin sayca beşinci birgə bəyanatıdır. Onun üzərində üç ölkənin Xarici İşlər nazirlikləri iş aparıblar", - "Kommersant" yazır.
Ekspertlərin fikrincə, ikinci sənəddə əsas məqam Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması olmalıdır. Bununla bağlı Paşinyanın Ermənistanda narazılığa səbəb olan son bəyanatları erməni cəmiyyətini bu xoşagəlməz hadisəyə hazırlamaq məqsədi daşıyıb.
Birinci sənəddə bir tərəfdən Ermənistanla Qarabağ arasında, digər tərəfdən isə Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında kommunikasiyaların bərabər statusu təsdiqlənməlidir.