Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyində "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin mətbuat konfransı keçirilib.
Senzor.az xəbər verir ki, mətbuat konfransında təşkilata üzv olan itkin düşmüş 15 şəxsin ailə üzvləri və müharibə qurbanları sahəsində fəaliyyət göstərən QHT nümayəndələri iştirak edib.
İctimai Birliyin sədri Könül Behbudova təşkilatın yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verdi. Bildirdi ki, əsas məqsəd Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş şəxslərin və onların ailələrinin hüquqlarını müdafiə etmək, itkin düşmüş, əsir və girov götürülm şəxslərə dair məlumatların toplanması, onların vətənə qaytarılmasına dəstək verilməsidir. Bununla yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP), BMT-nin Insan Hüquqları Şurasının Zoraki və ya qeyri-iradi itkin düşmələr üzrə İşçi qrupu, itkin düşmüş şəxslər üzrə Qlobal Alyans və digər beynəlxalq təşkilatlar qarşısında itkin düşmuş, əsir-girov götürülmüş Azərbaycan vətəndaşları ilə bağlı məsələləri qaldırmaqdır.
İctimai Birlik, həmçinin itkin ailəlrinin və əsir-girovluqdan azad edilmiş şəxslərin sosial problemlərini öyrənib, daim yaşadıqları və müvəqqəti məskunlaşdıqları ərazilərin müvafiq icra orqanları və beynəlxalq təşkilatlar və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq etməklə, belə ailələrə sosial, mənəvi-psixoloji yardım göstərilməsinə çalışacaq.
Təşkilat əsir-girovluqdan azad edilmiş vətəndaşlarımıza erməni təcavüzkarları tərəfindən tətbiq olunmuş işgəncə, zorakılıq və qeyri-insani rəftara dair faktların sənədlər vasitəsilə dünya ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə çatdırmaqla onların diqqətini müharibə qurbanlarının hüquqlarının qorunmasına yönəltməyi əsas vəzifələrdən biri kimi nəzərdə tutur.
Könül Behbudova Ermənistan tərəfinin itkin düşmüş, həmçinin əsir və girov götürülməsi barədə şahid ifadələri olan Azərbaycan vətəndaşları ilə bağlı məlumatların itkin ailələrinə və Azərbaycan tərəfinə verilməməsinin itkin düşmüş şəxslərin ailə üzvlərinin haqlı narazılığına səbəb olduğunu bildirdi. Qeyd etdi ki, işgaldan azad edilən ərazilərdə Ermənistan tərəfindən çoxsaylı minaların basdırılması itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində qazıntı işlərinin aparılmasına mane olur. Bu ərazilər məqsədli şəkildə tamamilə minalanıb. Beləliklə, ermənilər insanlıq əleyhinə cinayətlərini gizlətməyə çalışıblar.
K.Behbudova və digər itkin ailələri tərəfindən itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının rəhbərliyi altında işgaldan azad olunmuş ərazilərdə qazıntı və ekshumasiya işlərinin aparılmasının itkin ailələrində böyük ümid yaratdığı bildirildi. İctimai Birliyin üzvləri Ermənistandan itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatların Azərbaycan tərəfinə verilməsi tələb olundu.
Bildirildi ki, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar bu kimi faktlara sessiz qalmamalı, Ermənistanın beynəlxalq hüquq normalan ilə müəyyənləşən məsuliyyətini, cavabdehliyini gündəliyə gətirməlidirlər. İtkin düşmüş minlərlə şəxsin ailesi beynəlxalq alamdan bu mövqeyi və ədalətə dəstək verilməsini gözləyir.
Mətbuat konfransının sonunda 2023-cü ilin aprel ayında yolu azaraq Ermənistan ərazisinə keçmiş ve orada saxlanılmış Azərbaycan hərbçilərinin Azərbaycan tərəfinə verilməsi barəsində beynəlxalq təşkilatlara çağırış edildi.
İtkin ailələri adından bəyan edildi ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın parlaq, tarixi qələbəsi 30 il ərzində gözü yolda qalan itkin ailələrinin yeni bir ümid bəxş etmişdir və itkin ailələri dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasəti müdafiə edir və dəstəkləyir:
Tədbirdə itkin ailələri öz həyat hekayələrini danışdılar və jurnalistlərin suallarına cavab verildi ve 2023 cu ilin aprel ayında əsir götürülmüş Azərbaycan hərbiçilərinin azad edilərək Azərbaycan tərəfinə verilməsinə dair beynəlxalq təşkilatlara çağırış edildi.