ABŞ Prezidenti Cozef Bayden israilli həmkarı İsxak Hersoqla görüşündə İran və Rusiyanı müzakirə edib.
Bu barədə Ağ Ev məlumat yayıb.
Onlar qarşılıqlı maraq doğuran əsas məsələlər, o cümlədən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanın artırılması və İranın Rusiya ilə artan müdafiə tərəfdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Bayden “İsrail-Fələstin münaqişəsinin iki dövlətin birgə yaşaması əsasında danışıqlar yolu ilə həlli yolunun qorunub saxlanmasına”, eləcə də “israillilərə və fələstinlilərə bərabər azadlıq, firavanlıq və təhlükəsizlik şəraitinin təmin edilməsinə sadiqliyini” təsdiqləyib.
“Prezident İordan çayının qərb sahilində təhlükəsizlik və iqtisadi vəziyyətin yaxşılaşdırılması və terror hücumlarının qarşısının alınması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb”, - Ağ Ev-dən qeyd edilib.
Liderlər həmçinin iqlim dəyişikliyi, pandemiya və ərzaq təhlükəsizliyi kimi ümumi qlobal problemlərin öhdəsindən gəlmək üçün texnoloji həllərin işlənib hazırlanması üzrə davam edən əməkdaşlığı müzakirə ediblər.